İslam həmrəyliyinin təbliğində məzhəblərarası dialoqun əhəmiyyəti böyükdür
Dekabrın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Astara rayon Şahağacı kənd məscidi dini icması tərəfindən həyata keçirilən “İslam həmrəyliyinin təbliğində məzhəblərarası dialoq” layihəsi çərçivəsində rayonun Şahağacı kənd 1 saylı tam orta məktəbində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşı Turan Həsənzadə, Şahağacı kənd 1 saylı tam orta məktəbin direktor müavini Elza Məmmədova, Şahağacı kənd məscidi dini icmasının sədri Nazim Əsədov, məktəbin müəllim-şagird kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında İslam həmrəyliyi, milli-mənəvi dəyərlərin təbliği və dini radikalizmə qarşı mübarizə məqsədi daşıyan bu tədbirlərin gənclərin maarifləndirilməsində mühüm əhəmiyyəti olduğunu bildirib. Q.Məmmədov Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi haqqında danışıb. Qeyd edib ki, sənədli film Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızdan, eləcə də dini radikalizmin qurbanı olmuş və qanunsuz silahlı qruplaşmalar tərkibində digər ölkələrdə döyüşüb həlak olmuş insanlardan bəhs edir.
Şahağacı kənd 1 saylı tam orta məktəbin müəllimi Nəcəf Quliyev çıxışında “İslam Həmrəyliyi İli” çərçivəsində görülən işlər, həm ölkə miqyasında, həm də xaricdə keçirilən beynəlxalq tədbirlərin Azərbaycanın, ölkə prezidenti cənab İlham Əliyevin dünyada dinlərarası, mədəniyyətlərarası həmrəyliyə və dialoqa töhfəsi kimi yüksək qiymətləndirildiyini vurğulayıb.
Astara rayon Şahağacı kənd məscidi dini icmasının sədri Nazim Əsədov və digərləri çıxışlarında keçirilən tədbirlərin şagirdlərin mənəvi tərbiyəsində mühüm rol oynadığını qeyd ediblər.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.