“İslam həmrəyliyinin Azərbaycan modeli” mövzusunda tədbir keçirilib
Martın 2-də Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə imzaladığı “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq Sabunçu rayonu 252 saylı məktəb-liseydə “İslam Həmrəyliyi İli” çərçivəsində növbəti tədbir keçirilib.
“İslam həmrəyliyinin Azərbaycan modeli” mövzusunda keçirilən tədbiri giriş sözü ilə açan 252 saylı məktəb-liseyin direktoru Xədicə Eminova dini maarifləndirmə sahəsində görülən tədbirlərin və şagirdlərlə bu istiqamətdə mütəmadi görüşlərin əhəmiyyətini qeyd edib.
Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov Azərbaycanın ictimai-siyasi həyatında mühüm əhəmiyyətə malik olan sabitlik və əmin-amanlığa aparan yolun məhz milli-mənəvi birlikdən və dəyərlərimizə hər zaman sadiq olmaqdan keçdiyini qeyd edib. A.Sultanov Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda yetişməsinin vacibliyini vurğulayıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Pərvin Əlizadə Azərbaycanda mövcud olan tolerant mühitin və sağlam birgəyaşayış prinsiplərinin İslam dünyasına və bütün dünyaya nümunə olduğunu qeyd edib. P.Əlizadə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının bu birgəyaşayış prinsiplərinin məntiqi nəticəsi olduğunu bildirib.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov multikulturalizm və tolerantlığın Azərbaycanda həyat tərzi olmasından bəhs edib, son dövrlər bu istiqamətdə görülən tədbirlər haqqında məlumat verib.
Daha sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsildənkənar fəaliyyətin təşkili sektorunun əməkdaşlarının milli-mənəvi dəyərlərimizin şagirdlərin tərbiyəsində və formalaşmasındakı rolu ilə bağlı çıxışları dinlənilib.
Tədbirin sonunda Sabunçu rayonu 309 saylı orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Mehriban Məmmədova belə tədbirlərin mütəmadi olaraq keçirilməsinin mühüm tərbiyəvi xarakter daşıdığını qeyd edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.