İslam həmrəyliyi zamanın tələbinə cavab verən qlobal çağırışdır
Dekabrın 1-də Xətai Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Xətai rayonunda yerləşən İ.Məmmədov adına 261 nömrəli məktəb-liseydə “İslam Həmrəyliyi İli” çərçivəsində “İslam həmrəyliyi zamanın tələbinə cavab verən qlobal çağırışdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə Xətai RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Fidan Aslanova və Vasif Musayev, Xətai RİH başçısının 1 və 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərinin əməkdaşları, məktəbin direktoru Abuzər Əsədov, müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbirin əvvəlində dini nəşrlərin və Qurani-Kərimin müxtəlif ölçü və cilddə nümunələrinin nümayiş etdirildiyi sərgiyə baxış keçirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Abuzər Əsədov ötən 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsinin mühüm tarixi hadisə olmaqla yanaşı, multikulturalizmin bu gün Azərbaycanda gedən demokratik proseslərin ayrılmaz tərkib hissəsi, tarixən İslam dünyasının bir parçasına çevrilmiş ölkəmizin öz milli-mənəvi dəyərlərinə sadiqliyinin nümayiş etdirilməsi olduğunu bildirib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Fidan Aslanova məruzəsində bildirib ki, Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi təkcə dini deyil, iqtisadi, siyasi, mənəvi, beynəlxalq məsələdir. O, İslam ölkələrinin dağıntılara, fəlakətlərə, təhlükələrə məruz qaldığı bir zamanda həmrəyliyin ölkələrarası münasibətlərin normallaşmasına gətirib çıxaran, bütün dünya üçün dinlərarası münasibətlərin sağlamlaşmasına töhfə verə biləcək bir imkan olduğunu diqqətə çatdırıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Vasif Musayev İslam dininin gənc nəslin tərbiyəsində rolundan, milli-mənəvi dəyərlərimizə, eləcə də dinimizə dövlət qayğısından, sağlam və əqidəli gəncliyin formalaşması üçün aparılan maarifləndirmə işindən bəhs edib.
Tədbirin sonunda Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi nümayiş etdirilib.