Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
11.12.2017 / İslam Həmrəyliyi İli

İslam həmrəyliyi sülhə və tolerantlığa çağırır

Dekabrın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Göygöl şəhər Heydər məscidi dini icması tərəfindən rayonun 6 saylı tam orta məktəbində “İslam həmrəyliyi sülhə və tolerantlığa çağırır” adlı layihə çərçivəsində “Islam  həmrəyliyinin əsas mahiyyəti”  mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev, müdir müavini Elmar Fətəliyev, Göygöl Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Babək Rəsulov, Heydər məscidi dini icmasının sədri Əlaslan Cəfərov, eləcə də icma üzvləri, məktəbin müəllim-şagird heyəti və gənclər iştirak ediblər.
Göygöl RİH başçısı Aparatının nümayəndəsi Babək Rəsulov dini radikalizmə qarşı mübarizədə, eləcə də İslam həmrəyliyinin gücləndirilməsində bu tədbirlərin əhəmiyyətindən bəhs edib. Bildirib ki, ölkəmizdəki İslam həmrəyliyi bütün İslam dünyasına sülh, qardaşlıq və birlik çağırışıdır.
DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev çıxışında ölkəmizdə hökm sürən dinlərarası və məzhəblərarası qarşılıqlı hörmət, həmrəylik və etimad mühitinin digər ölkələr üçün nümunə olduğunu bildirib.
Dini icma sədri Əlaslan Cəfərov İslam dininin insanları sülhə, birliyə çağırdığını qeyd edib. O, həmçinin dövlət-din münasibətlərindən də danışıb, Azərbaycanda digər dinlərin nümayəndələrinə qarşı tolerant münasibət və müsəlmanlar arasında həmrəylik mövcud olduğunu vurğulayıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.