“İslam həmrəyliyi sülhə çağırışdır” layihəsi uğurla icra olunur
Avqustun 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Zərdab şəhər “Cümə” məscidi dini icması tərəfindən “İslam həmrəyliyi sülhə çağırışdır” layihəsi çərçivəsində “İslam təfriqə və xurafata yox deyir” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları Rauf Nəsirov və Sədi Hüseynov, Rayon İcra Hakimiyyəti başçısının Qaravəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xanbala İbişov, “Cümə” məscidi dini icmasının sədri və axundu Feyzulla Tağıyev, Qaravəlli kənd orta məktəbinin direktoru Tehran Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “Cümə” məscidi dini icmasının sədri və axundu Feyzulla Tağıyev milli və dövlətçilik maraqlarımıza təhlükə törədən amillərə qarşı dini maarifçiliyin effektiv təsiri olduğunu diqqətə çatdırıb.
Daha sonra çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları Rauf Nəsirov və Sədi Hüseynov çıxışlarında İslam dininin Allaha ibadətlə yanaşı, ailədə və cəmiyyətdə insanlararası münasibətləri tənzimləyən, insanları sülh və əmin-amanlıq içərisində birgəyaşayışa və faydalı işlər görməyə sövq edən əxlaqi qaydalar sistemi olduğunu diqqətə çatdırıblar. Natiqlər, bəzən müsəlmanların batil inanclara - qatı cəhalət və heç bir elmi əsası olmayan xürafata meyil etmələrinin başlıca səbəblərindən biri kimi təhsilin, dini və dünyəvi biliklərinin zəif olmasını qeyd ediblər.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb və iştirakçılara Dövlət Komitəsi tərəfindən nəşr olunan dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.