“İslam Həmrəyliyi – sülhə aparan yol” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib
Noyabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Göyçay rayonu Çərəcə kənd məscidi dini icması tərəfindən “İslam Həmrəyliyi – sülhə aparan yol” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
Göyçay rayonu şəhid Siyavuş Mirzəliyev adına Çərəkə kənd 1 saylı tam orta məktəbində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Çərəcə kənd məscidi dini icmasının sədri Rahim Həkimov, məktəbin direktoru Baxşı Vəliyeva, məktəbin müəllim və şagirdləri, dini icma üzvləri və eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev qeyd edib ki, 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar bu sahədə olduqca möhtəşəm yerli və beynəlxalq tədbirlər həyata keçirilir. Natiq bildirib ki, İslam həmrəylik, barış, qardaşlıq dini olduğu üçün, o digər dinləri də bu ideya ətrafında birləşdirir.
Daha sonra çıxış edən orta məktəbin direktoru Baxşı Vəliyeva, Çərəcə kənd məscidi dini icmasının sədri Rahim Həkimov, məktəbin müəllimləri və digər natiqlər Azərbaycan dövləti və cəmiyyətinin tarixən İslam həmrəyliyi və təhlükəsizliyinin qorunmasına böyük əhəmiyyət verdiyini və buna nail olduğunu vurğulayıblar.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.