İslam həmrəyliyi - sülhə aparan yol
Dekabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Salyan rayonu Kürsəngi kəndi ''Hacı Səftər'' məscidi dini icması tərəfindən “İslam həmrəyliyi - sülhə aparan yol” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, Dövlət Komitəsinin əməkdaşı Aqşin Əliyev, Salyan Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Aqşin Babayev, Salyan RİH başçısının Kürsəngi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tofiq Qarayev, kənd bələdiyyəsinin sədri Gülbaba Alışov, dini icma sədri Şəhram Şirinov, eləcə də dini icma üzvləri və dindarlar iştirak ediblər.
Salyan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Aqşin Babayev cari ildə Prezident İlham Əliyev tərəfindən elan edilmiş “İslam Həmrəyliyi İli” və bu il çərçivəsində bölgələrdə keçirilmiş tədbirlərin önəmindən söhbət açıb. O, həmçinin bu gün dünyada İslam və digər dinlərdən başqa məqsədlər üçün istifadə edən radikal qüvvələrin mövcud olduğunu və bu radikal qüvvələrin xüsusilə gəncləri öz sıralarına cəlb etməyə cəhd göstərdiklərini vurğulayıb.
Mövzu ilə bağlı çıxış edən DQİDK-nın əməkdaşı Aqşin Əliyev qeyd edib ki, Azərbaycan multikultural dəyərləri ilə bütün dünyaya örnək olmaqla yanaşı, İslam həmrəyliyi baxımından da müsəlman dünyasına nümunədir. “İslam dünyasında bu gün İslam həmrəyliyinə zərbə vuran meyillərin mövcudluğu təəssüf ki, reallıqdır. Tarix boyunca ölkəmizdə müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri yaşasa da, dini, məzhəb və etnik zəmində münaqişələr baş verməyib və bu gün də Azərbaycanda müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri qardaşlıq şəraitində yaşayırlar”, - deyə A.Əliyev vurğulayıb.
Daha sonra Salyan RİH başçısının Kürsəngi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tofiq Qarayev bu gün dünya ictimaiyyətinin Azərbaycanın nümunəvi tolerantlıq, multikulturalizm modelini, dinlərarası dialoq mədəniyyətini təqdir etdiyini diqqətə çatdırıb.
Çıxış edən digər natiqlər Prezident İlham Əliyevin ölkəmizdə multikultural dəyərlər, həmrəylik, dinlər və mədəniyyətlərarası dialoqla bağlı siyasətindən danışıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və layihə çərçivəsində nəşr olunan dini ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən keçirilib.


.jpg)