Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.03.2017 / İslam Həmrəyliyi İli

"İslam həmrəyliyi sülh və bəşəri dəyərlərə sadiqlik simvoludur" mövzusunda tədbir keçirilib

Martın 10-da Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq, Xəzər rayonunda yerləşən 230 saylı tam orta məktəbdə maarifləndirici tədbir keçirilib.
“İslam həmrəyliyi sülh və bəşəri dəyərlərə sadiqlik simvoludur” mövzusunda keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Hatəm Gülməmmədov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin məktəbdənkənar fəaliyyətin təşkili sektorunun aparıcı məsləhətçisi Rövşən Əliyev, Xəzər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rövşən Quliyev, məktəbin direktoru Təhmasib Məmiyev, müəllim və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru T.Məmiyev dini maarifləndirmə sahəsində görülən tədbirlərin və şagirdlərlə bu istiqamətdə mütəmadi görüşlərin əhəmiyyətini qeyd edib. Daha sonra “Fitnə” sənədli filmi nümayiş etdirilib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin məsləhətçisi H.Gülməmmədov məruzəsində dini radikalizmin meydana gətirdiyi fəsadlar barədə danışıb. Bildirib ki, dini radikal fikirli insanlar cəmiyyətdə mövcud olan birgəyaşayış ənənəsinə zərbə vurmaqla yanaşı, dini məlumatların öz məqsədləri üçün təhrifinə də yol verirlər. Lakin hazırda ölkəmizdə dini maarifləndirmə işi ən yüksək səviyyədə aparılmaqdadır.
Dini etiqad azadlığı barədə geniş məlumat verən Xəzər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rövşən Quliyev dini qarşıdurmalar və dini radikalizmlə hüquqi müstəvidə mübarizə metodlarından bəhs edib.
Bakı şəhəri üzrə Təhsil İdarəsinin məktəbdənkənar fəaliyyətin təşkili sektorunun aparıcı məsləhətçisi Rövşən Əliyev yeniyetmə və gənclərimizin milli-mənəvi dəyərlərə sadiq olmasında, vətənpərvərlik ruhunda tərbiyə olunmasında müəllim və valideynlərin üzərinə böyük məsuliyyət və öhdəliyin düşdüyünü qeyd edib.
Tədbirin sonunda mövzu ilə bağlı suallar cavablandırılıb.