Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.10.2017 / İslam Həmrəyliyi İli

“İslam həmrəyliyi müasir dövrün tələbidir” mövzusunda tədbir keçirilib

Oktyabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Neftçala rayonu Boyat kənd İmam Cəfər Sadiq məscidi dini icması tərəfindən “İslam həmrəyliyi müasir dövrün tələbidir” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, şöbənin əməkdaşı Yusif Yusifli, Neftçala Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vasif Əliyev, QMİ-nin Neftçala rayonu üzrə səlahiyyətli nümayəndəsi Mirseymur Əliyev, İmam Cəfər Sadiq məscidi dini icmasinın sədri Əhməd Əliyev, məscid dindarları, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov dövlət-din münasibətlərindən bəhs edib. O, ölkəmizdə din və məzhəb ayrı-seçkiliyinin olmadığını, bu müsbət ənənənin davam etdirildiyini, həmrəylik münasibətlərinin qorunduğunu bildirib.
Neftçala RİH başçısı Aparatının nümayəndəsi Vasif Əliyev Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələrinin bir ailə kimi sülh, mehribanlıq və həmrəylik şəraitində yaşadığını qeyd edib.
Daha sonra İmam Cəfər Sadiq məscidi dini icmasının sədri Əhməd Əliyev, QMİ-nin Neftçala rayonu üzrə səlahiyyətli nümayəndəsi Mirseymur Əliyev mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.