Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.09.2017 / İslam Həmrəyliyi İli

“İslam həmrəyliyi müasir dövrün tələbidir” layihəsinin icrasına başlanıb

Sentyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Sumqayıt şəhəri Kotec qəsəbəsi “İmam Sadiq” məscidi dini icmasının “İslam həmrəyliyi müasir dövrün tələbidir” layihəsinin icrasına başlanıb.
Tədbirdə “İmam Sadiq” məscidi dini icmasının sədri Mirfəyyaz Fəttayev, DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan icma sədri Mirfəyyaz Fəttayev ayrı-ayrı dini icmaların milli, dini dəyərlərimizin təbliği və bu istiqamətdə aparılan maarifləndirmə işlərinə dövlət dəstəyini təqdirəlayiq hal kimi qiymətləndirib. Qeyd edib ki, bu kimi tədbirlər cəmiyyətimizin mənəvi inkişafı, insanların yad, zərərli dini cərəyanların təsiri altına düşməməsi, dini fundamentalizm və xurafat kimi tendensiyalarla mübarizə baxımından olduqca effektivdir.
DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov mövzu ilə bağlı çıxış edərək qloballaşma dövründə, sivilizasiyalararası münasibətlərin yeni mərhələsində dini radikalizmin meydana gəlməsinin fəlsəfi, sosio-psixoloji səbəbləri, eləcə də radikal dini cərəyanlarla mübarizə çərçivəsində aparılan profilaktik və preventiv tədbirlər barədə  iştirakçıları məlumatlandırıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr olunan dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilib.