Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
29.11.2017 / İslam Həmrəyliyi İli

İslam həmrəyliyi müasir dövrün çağırışıdır

Noyabrın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran rayonu Osakücə kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli” çərçivəsində “İslam həmrəyliyi müasir dövrün çağırışıdır” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Yetkinlik yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili qrupunun inspektoru Orxan Şahmarov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Osakücə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ramin Dövlətov, Osakücə kənd bələdiyyəsinin sədri Tərbiyə Cavadova, Osakücə kənd tam orta məktəbinin direktoru Arzu Mirzəyeva, məktəbin müəllim-şagird kollektivi və valideynlər  iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Osakücə kənd tam orta məktəbinin direktoru Arzu Mirzəyeva çıxışında xalqımızın zəngin milli-mənəvi və dini dəyərlərə malik olduğunu, bu dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılmasının vacib olduğunu bildirib. A.Mirzəyeva ölkəmizdə həmrəylik və etnik-mədəni müxtəlifliyin hökm sürdüyünü, bütün xalqların və dinlərin nümayəndələrinin mehribanlıq şəraitində yaşadığını qeyd edib.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında İslam həmrəyliyinin təkcə müsəlman aləmində deyil, bütün dünyada harmoniya şəklində, dinc yanaşı yaşamağın mühüm şərtlərindən olduğunu vurğulayıb. E.Həmidli ölkəmizdə milli-mənəvi, multikultural və tolerant dəyərlərin, həmrəylik ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində görülən işlər haqqında tədbir iştirakçılarına məlumat verib.
Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Yetkinlik yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili qrupunun inspektoru Orxan Şahmarov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Osakücə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ramin Dövlətov, bələdiyyə sədri Tərbiyə Cavadova, dini icma sədri Rizvan Dadaşov çıxışlarında İslam həmrəyliyinin, həqiqi islami dəyərlərin təbliğinin dini radikalizmə və digər mənfi meyillərə qarşı mübarizədə mühüm əhəmiyyəti olduğunu bildiriblər. Natiqlər Dövlət Komitəsi tərəfindən həyata keçirilən maarifləndirmə tədbirlərini yüksək qiymətləndiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.