“İslam Həmrəyliyi İli” çərçivəsində növbəti tədbir baş tutub
Noyabrın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Ləj kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli” çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, AMEA-nın doktorantı, Ləj kənd məscidinin imamı Samid Quliyev, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Ləj kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bayram Cəfərov, Ləj kənd tam orta məktəbinin direktoru İlkin Yaqubov, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ləj kənd tam orta məktəbinin direktoru İlkin Yaqubov qonaqları salamlayaraq “İslam Həmrəyliyi İli” çərçivəsində maarifləndirici tədbirlərin keçirilməsinin məqsədəuyğun olduğunu deyib. İ.Yaqubov, həmçinin erkən nikah mövzusuna toxunaraq, onun cəmiyyətdə səbəb olduğu bəlalar barədə danışıb.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli mütərəqqi dəyərləri özündə ehtiva edən İslam dininin insanları təhsilə, elmə, həmrəyliyə çağırdığını və dini radikalizmə “Yox” dediyini bildirib.
AMEA-nın doktorantı Samid Quliyev ölkəmizdə müxtəlif dinlər və məzhəblər arasında həmrəylik və vəhdətin hökm sürdüyünü, dinə, din xadimlərinə dövlət tərəfindən hərtərəfli diqqət və qayğı göstərildiyini diqqətə çatdırıb.
Lənkəran ŞİH başçısının Ləj kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Bayram Cəfərov və digərləri çıxışlarında keçirilən tədbirlərin şagirdlərin dünyagörüşünün formalaşması və inkişafı baxımından əhəmiyyətini qeyd ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.