Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
31.03.2017 / İslam Həmrəyliyi İli

“İslam Həmrəyliyi İli” çərçivəsində maarifləndirmə tədbirləri davam etdirilir

Martın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsi və Mingəçevir şəhər “Cümə” məscidi dini icmasının birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Dini icma üzvləri, kənd ağsaqqalları və dindarların da iştirak etdikləri tədbiri giriş sözü ilə açan dini icmanın sədri Yusif Yusifov Prezident İlham Əliyevin bu ili “İslam Həmrəyliyi İli” elan etməsinin dünyaya sülh mesajı olduğunu vurğulayıb və bununla əlaqədar  rəhbərlik etdiyi icmanın qarşısında duran vəzifələr barədə danışıb.
Tədbirdə çıxış edən dini icmanın üzvü, Mingəçevir şəhər “Cümə” məscidinin imamı Vüsal Abdullayev hicri təqvimində müqəddəs “üç aylar” (Rəcəb, Şaban və Ramazan) barədə ətraflı məlumat verib. 
“İslam həmrəyliyi – zamanın çağırışı” mövzusunda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov ölkəmizdə milli-mənəvi dəyərlərin böyük əhəmiyyət kəsb etdiyini və həmrəyliyimizdə xüsusi yer tutduğunu bildirib və həqiqi İslamdan uzaq, radikal fikirli insanların cəmiyyətdə mövcud olan həmrəyliyə, sabitliyə və birgəyaşayış ənənəsinə vurduğu zərbədən danışıb.
Daha sonra ilahiyyatçı Pərviz Hüseynov 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı çıxış edib və 31 Mart soyqırımı qurbanlarının və ötən ilin aprel ayında şəhid olmuş hərbçilərimizin ruhlarına dualar oxunub.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin təşəbbüsü ilə keçirilib.