Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
29.11.2017 / İslam Həmrəyliyi İli

“İslam həmrəyliyi gənclərin gözü ilə” mövzusunda tədbir təşkil olunub

Noyabrın 28-də Dini Qurumlarla  İş üzrə Dövlət  Komitəsi (DQİDK) və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Səbail rayonunda yerləşən 236 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib.
“İslam həmrəyliyi gənclərin gözü ilə” mövzusunda keçirilən tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Nuru İmanov və Amal Məlikov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsildənkənar fəaliyyətin təşkili sektorunun əməkdaşı Qənirə Sultanova, Səbail Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Əli Muradov, məktəbin direktoru Xanlar İmaməliyev, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər. 
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Xanlar İmaməliyev “İslam Həmrəyliyi İli”nin əhəmiyyətindən danışaraq maarifləndirici tədbirlərin orta məktəblərdə keçirilməsinin zəruriliyini qeyd edib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nuru İmanov həmrəylik, həqiqi vətənpərvərlik və şəhadət anlayışları haqqında danışıb, İslam dinində həmrəylik, Vətən sevgisi və şəhidlik məqamının uca tutulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra çıxış edən Qənirə Sultanova, gənclərin, xüsusilə də məktəblilərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının əhəmiyyətini vurğulayıb.
Sonda Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Qeyd edək ki, tədbir “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq keçirilib.