İslam Həmrəyliyi dövrün tələbidir
Həmrəylik bir cəmiyyətdə fərdlərin duyğu, düşüncə və ümumi maraqlar naminə bir-birinə qarşılıqlı bağlanması deməkdir. Biz həmrəylik dedikdə, ümumiyyətlə, fərdlər, insan qrupları və ya ölkələr arasında yaranan birgəlik (rəğbət, mənəvi dəstək, maddi yardım və ya əməkdaşlıq) hissini nəzərdə tuturuq. O, həm passiv (duyğu, rəğbət və s.), həm də aktiv (müxtəlif sahələr üzrə geniş əməkdaşlıq, maddi dəstək və s.) ola bilər.
Fərd olaraq hər birimiz müəyyən vaxtlarda qohum, qonşu, dost-tanışlara maddi-mənəvi köməklik göstərir, onların sevincini, kədərini bölüşür və bununla da biri-birimizə qarşı həmrəylik nümayiş etdiririk. Məhz buna görə də həmrəylik həyatımızın ayrılmaz bir parçası, hissidir desək, yanılmarıq. Bu hiss, bu anlayış adət-ənənələrimizə söykənməklə yanaşı, dinimizdə də öz əksini tapmışdır. İslam dini vəhdət, birlik, sevgi və sülh dinidir. Dini nöqteyi-nəzərdən ictimai həyat da şəxsi həyatımız qədər əhəmiyyət kəsb edir. Peyğəmbərimizin (s.) hədislərindən birində deyilir: “Möminlər biri-birini sevməkdə, biri-birinə mərhəmət etməkdə və bir-birilərini qorumaqda bir bədənə bənzəyirlər. Bədənin bir üzvü xəstə olduğu zaman, digər üzvlər də bu səbəbdən yuxusuzluğa və qızdırmalı xəstəliyə tutularlar”. (Buxari, Ədəb 27; Müslim, Birr 66). Bu hədis məhz həmrəyliyə diqqət çəkir və bütün müsəlmanları bir vücuda bənzədərək onları birliyə dəvət edir.
Müasir dünyada baş verən siyasi proseslər, xüsusən müsəlman ölkələrindəki münaqişələrin, həmçinin bir sıra ölkələrdə islamafobiyanın geniş vüsət alması İslam dünyasında həmrəyliyə nə qədər ehtiyacı olduğunu bir daha göstərir. Təəssüf ki, müsəlman ölkələri arasında münasibətlərin, həmrəyliyin istənilən səviyyədə olmaması, birlik nümayiş etdirilməməsi düşmən güclərin fəaliyyəti üçün şərait yaratmışdır. İslam əleyhdarı olan bu qüvvələr İslama qarşı açıq-aşkar düşmənçilik edir, İslam dünyasını bütövlükdə mühasirəyə alaraq onun kökünü zəiflətmək, imkanlarını məhdudlaşdırmaq üçün ciddi cəhdlər göstərirlər. İslam dünyasının parçalanması dinimiz ilə heç bir bağlılığı olmayan terrorizm kimi neqativ halların yaranmasına, müsəlman ölkələrində daxili münaqişələrin baş verməsinə, onminlərlə insanın öz ölkələrindən didərgin düşməsinə gətirib çıxarmışdır. Acınacaqlı haldır ki, bu günlərdə terrorizm, ekstrimizm kimi ifadələr İslam adı ilə yanaşı çəkilir. Lakin terrorizm, düşmənçilik, aqressivlik kimi neqativ hallar müsəlmanlara xas deyil, əksinə, müsəlmanlar həmişə həmrəylik, sülhsevərlik, qarşılıqlı anlaşma, dostluq və əməkdaşlıq kimi ümumbəşəri əxlaqi dəyərlərə sadiq olduqlarını nümayiş etdirmiş və bütün bəşəriyyəti bu pirinsiplərə sadiq olmağa səsləmişlər. Bəşəriyyət tarixinə, mədəniyyətinə, elminə öz töfhələr verən, onu zənginləşdirən İslam dünyası dövrümüzdə də öz sözünü demək istəyirsə, mütləq şəkildə həmrəy olmaq məcburiyyətindədir.
İslam həmrəyliyi siyasi, iqtisadi, mədəni və digər sahələri əhatə edən geniş məna daşımaqdadır. Günümüzdə İslam dünyasının dini müstəvidə həmrəyliyə ehtiyac duyduğu qədər müsəlman xalqlarının, dövlətlərinin maddi və mənəvi cəhətdən də həmrəyliyə ehtiyacı vardır. Yəqin ki, heç kimə sirr deyil ki böyük bir coğrafiyanı əhatə edən müsəlman ölkələri zəngin təbii resurslara malik olmalarına baxmayaraq, dünya iqtisadiyyatında elə dəböyük pay sahibi deyillər. Müsəlman ölkələrinin heç də hamısında insanların sosial rifahı yaxşı deyil. Milyonlarla müsəlman müasir dövrün elmi, texniki, mədəni nailiyyətlərindən kənarda qalmaqdadır. Mövcud çətinliklərin aradan qaldırılması, müsəlman xalqlarının rifahının yüksəldilməsi, dövlətlərin siyasi və iqtisadi cəhətdən möhkəm olması üçün İslam aləminin dünyanın siyasi, iqtisadi arenasında bir-birinə sözdə və əməldə həmrəylik nümayiş etdirməsi dövrün tələbidir. Sözsüz ki, müxtəlif təşkilatlar çərçivəsində, həmçinin ölkələrarası qarşılıqlı münasibətlər əsnasında müəyyən həmrəylik, əməkdaşlıq olsa da, bu, dövrün tələbləri və şərtləri daxilində İslam dünyasının güclənməsi üçün yetərli deyil. Müsəlman ölkələri həmrəyliyi həqiqi mənada nümayiş etdirməli, beynəlxaq tribunalarda İslam dünyasının maraqları naminə bir-birilərinə dəstək olmalı, ölkələrimizin, xalqlarımızın inkişaf etməsi yolundakı maneələri birlikdə dəf etməli, bu istiqamətdə məqsədyönlü siyasi xətt yürütməlidirlər.
Azərbaycan da müsəlman dünyasının bir parçasıdır və İslam dünyası ölkələrində baş verən mənfi proseslər, tendensiyalar bizlər üçün də kədərlidir. Bu xoşagəlməz halların aradan qaldırılmasında, müsəlman ölkələrinin, xalqlarının sülh, sabitlik şəraitində yaşamasında dövlətimiz və xalqımız da maraqlıdır. Respublikamız İslam dünyasının həmrəyliyinə,vəhdətinə həmişə böyük önəm vermişdir. Təsadüfi deyil ki, ölkəmiz ikinci dəfə müstəqilliyinə qövuşduqdan sonra ilk üzv olduğu təşkilatlardan biri məhz İslam Əməkdaşlıq Təşkilatı olmuşdur. Azərbaycan Respublikası İƏT-nin, İSESCO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurmuş, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış etmişdir.
Bölgədə müxtəlif dinlərin və mədəniyyətlərin birgəyaşayışı və həmrəyliyi istiqamətində ardıcıl siyasət yürüdən Azərbaycan İslam ölkələri arasında qarşılıqlı əlaqələrin genişlənməsi üçün mühüm addımlar atır. Bunun nəticəsi olaraq mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verən ölkəmiz İslam dünyasında böyük nüfuz qazanmışdır. Bu amil 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapmışdır. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaratmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etmiş və bu istiqamətdə aidiyyəti qurumlara müvafiq tapşırıqlar vermişdir. Tədbirlər planı çərçivəsində həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda müxtəlif tədbirlərin həyata keçirilməsi, o cümlədən İslam adı altında yaradılan radikal qruplara qarşı birgə mübarizənin koordinasiya olunması kimi məsələlər nəzərdə tutulmuşdur.
Eyni zamanda məlumdur ki, cari ilin 12-22 may tarixlərində ölkəmizdə dünyanın 50-dən çox müsəlman dövlətinin 4000-dək idmançısının iştirakı ilə İslam Həmrəyliyi Oyunları keçiriləcəkdir. Bu, tək idman hadisəsi deyil, həm də sivilzasiyalararası əməkdaşlığın göstəricisidir. IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin ilk iclasında Prezident İlham Əliyev bu oyunların əhəmiyyətindən bəhs edərkən demişdir: “Əminəm İslam Oyunları ilk növbədə İslam həmrəyliyini gücləndirəcək, həm İslam aləminə, həm dünyaya bir daha göstərəcək ki, İslam dini sülh, mərhəmət və qardaşlıq dinidir”. 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi Azərbaycanın öz milli-mənəvi dəyərlərinə, önun tərkib hissəsi olan İslam dininə, İslam ölkələrinin birliyinə nə dərəcədə önəm verdiyinin göstəricisidir. İslam Həmrəyliyi Oyunları və “İslam Həmrəyliyi İli” ölkəmizin hüdudlarını aşaraq yüz milyonlarla müsəlmanın diqqətini bir daha birliyə, ölkələrimiz, xalqlarımız arasında həmrəyliyə yönəldəcəkdir.Digər tərəfdən, İslam Həmrəyliyi Oyunları və “İslam Həmrəyliyi İli” çərçivəsində ölkə xaricində çoxsaylı tədbirlər həyata keçiriləcək ki, bu da dövlətimizin tanıdılmasında, xalqımızın mədəniyyəti, tarixi, Qarabağ problemi haqqında həmin ölkələrə, vətəndaşlarına daha geniş məlumatlar çatdırılmasına səsəb olacaqdır.
Azərbaycan Respublikasının, onun rəhbərliyinin İslam həmrəyliyinə verdiyi dəyər müsəlman ölkələri tərəfindən yüksək addım kimi qəbul edilmişdir. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Prezidentinin hüquqi və dini məsələlər üzrə müşaviri Əl-Sayid Əli ben Əl-Sayid Əbdülrəhman əl-Haşim mövzu ilə əlaqədar qeyd etmişdir ki, bu gün İslam dünyasında həmrəyliyə çağırış həmişəkindən daha çox vacibdir, çünki İslam aləminin üzləşdiyi təhdidləri birlikdə dəf etmək lazımdır. O vurğulamışdır: “Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü olduqca dolğun, hərtərəfli düşünülmüş təşəbbüsdür və şübhə yoxdur ki, bu təşəbbüs müsəlman ölkələri və onların xalqları tərəfindən dəstəklənəcək”.
Xalqların, dövlətlərin sülh, bəşəri dəyərlərə sadiqlik, birlik şəraitində, dinc yanaşı yaşaması çərçivəsində İslam həmrəyliyi müsəlman ölkələrinin problemlərinin həllinə, onlar arasında iqtisadi, mədəni münasibətlərin genişlənməsinə, insanlarımızın bir-biri ilə daha da yaxınlaşmasına öz töhfəsini verəcəkdir. Həmrəylik müsəlman xalqlar arasında əməkdaşlığı daha da artıraraq İslam dünyasında, eyni zamanda bütün dünyada sülhün, tərqqinin bərqərar olmasına və möhkəmlənməsinə səbəb olacaqdır.
Azad Nəhmədov,
DQİDK-nın əməkdaşı