İslam həmrəyliyi bəşəriyyətə qardaşlıq və mərhəmət ideyalarını təlqin edir
Avqustun 15-də Zərdab rayonu Pərvanlı kənd Məmməd Rahim adına tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Zərdab şəhər “Cümə” məscidi dini icması tərəfindən “İslam həmrəyliyi sülhə çağırışdır” layihəsi çərçivəsində “Etnokonfliktlərin həlli yolu kimi - İslamda həmrəylik” adlı növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları Rauf Nəsirov və Sədi Hüseynov, Zərdab şəhər “Cümə” məscidi dini icmasının sədri və axundu Feyzulla Tağıyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Zərdab şəhər “Cümə” məscidi dini icmasının sədri və axundu Feyzulla Tağıyev mövzunun əhəmiyyətindən danışıb. O qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsində əsas məqsədlərdən biri də İslam həmrəyliyinin etnokonfliktlərin həlli yolunda özünəməxsus rolunun olduğunu dünyaya təqdim etməkdir.
Daha sonra DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları Rauf Nəsirov və Sədi Hüseynov çıxış edərək, etnokonfliktlərin həll edilməsində İslam həmrəyliyinin əvəzedilməz rolu olduğunu, İslam həmrəyliyinin bütün bəşəriyyətə sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma, qardaşlıq və mərhəmət ideyalarını təlqin etdiyini diqqətə çatdırıblar.
Tədbirdə, həmçinin Pərvanlı kənd M. Rahim adına tam orta məktəbinin direktoru Fazil Hüseynov, kənd bələdiyyəsinin sədri İbrahim Fətəliyev, Pərvanlı kənd məscidi dini icmasının sədri və imamı Zaur Teymurov və başqaları çıxış ediblər.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb və iştirakçılara Dövlət Komitəsi tərəfindən nəşr olunan dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.