Göyçayda “İslam həmrəyliyi və sosial ədalət” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib
Avqustun 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Göyçay rayonu Yalman kənd məscidi dini icması tərəfindən “İslam həmrəyliyi və sosial ədalət” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşı Rauf Nəsirov, Göyçay Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov, Yalman kənd məscidi dini icmasının sədri Eldəniz Mehralıyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icma sədri E.Mehralıyev ölkəmizdə müxtəlif dinlər və məzhəblər arasında tolerant mühitin daha da gücləndirilməsi məqsədi daşıyan maarifləndirmə tədbirlərinin əhəmiyyətindən söz açıb.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Ə.Rəfiyev qeyd edib ki, dünyada islamofobiyanın baş alıb getdiyi bir dövrdə 2017-ci ili “İslam Həmrəyliyi İli” elan edilməsi hər kəsə verilən bir mesaj rolunu oynayır. Azərbaycanın həmişə haqq və ədalətin tərəfində olduğunu qeyd edən natiq bildirib ki, bunun bariz nümunəsi Azərbaycanda digər dinlərin nümayəndələrinin sayının az olmasına baxmayaraq eyni şərtlər altında yaşamalarıdır.
Göyçay RİH başçısı Aparatının nümayəndəsi V.Zöhrabov və DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı R.Nəsirov İslam dininin öz mənsublarına olduğu kimi digər səmavi dinlərin mənsublarına qarşı da ədalətli davranmağı əmr etdiyini diqqətə çatdırıblar.
Tədbirin yekununda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb. İştirakçılara layihə çərçivəsində nəşr olunan dini ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.