Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
30.09.2017 / İslam Həmrəyliyi İli

Göyçayda “İslam həmrəyliyi və sosial ədalət” layihəsi çərçivəsində maarifləndirici tədbirlər davam edir

Sentyabrın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Göyçay rayonu Yalman kənd məscidi dini icması tərəfindən “İslam Həmrəyliyi və sosial ədalət”  layihəsi çərçivəsində  növbəti maarifləndirici tədbir keçirilib.
Göyçay rayon Telman İsmayılov adına Şıxbəy kənd orta məktəbində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və əməkdaşı Rauf Nəsirov, Göyçay rayon İcra Hakimiyyəti başçısının Məlikkənd inzibati ərazi üzrə nümayəndəsi İstedad Mahmudov, kənd bələdiyyəsinin nümayəndəsi Sərkər Süleymanov, Yalman kənd məscidi dini icmasının sədri Eldəniz Mehralıyev, məktəbin direktoru Gülbəniz Maqsudova, məktəbin müəllim və yuxarı sinif şagirdləri  iştirak ediblər.
Giriş sözü ilə tədbiri açan Yalman kənd məscidi dini icmasının sədri Eldəniz Mehralıyev qeyd edib ki, İslam  humanist dindir və insanlığın bütün problemlərinin həllinə çalışır. İslam dininə görə, bütün insanlar böyük bir ailənin bərabər üzvü kimidirlər və eyni hüquqlara malikdirlər. 
Tədbirdə çıxış edən DQİFK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev vurğulayıb ki, İslam dini-mənəvi dəyərlərinə sıx bağlı olan Azərbaycan həm də dünyada multikulturalizmin mərkəzlərindən biri kimi tanınır. Bu gün müsəlman dünyasının əvvəlki dövrlərdə heç zaman olmadığı qədər daha çox birliyə və həmrəyliyə ehtiyacı var. Buna görə də 2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi İli" elan olunması bütün müsəlman aləminə və dünyaya xoşməramlı mesajdır.
Daha sonra çıxış edən Göyçay RİH başçısının Məlikkənd inzibati ərazi üzrə nümayəndəsi İstedad Mahmudov, kənd bələdiyyəsinin nümayəndəsi Sərkər Süleymanov və DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov "İslam Həmrəyliyi İli"nin əsas məqsədlərindən birinin müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərmək olduğunu qeyd ediblər.
Tədbirin yekununda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb. İştirakçılara layihə çərçivəsində nəşr olunan dini ədəbiyyatlar paylanıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.