Göyçayda “İslam həmrəyliyi – sülhə aparan yol” layihəsi çərçivəsində maarifləndirici tədbirlər davam edir
Sentyabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Göyçay rayonu Çərəcə kənd məscidi dini icmasının “İslam həmrəyliyi – sülhə aparan yol” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşı Rauf Nəsirov, Qafqaz Müsəlmanları İdarəsinin Göyçay-Ucar rayonları üzrə səlahiyyətli nümayəndəsi Cavid Səfərov, Çərəcə kənd məscidi dini icmasının sədri Rahim Həkimov, məktəbin müəllim və yuxarı sinif şagirdləri, dini icma üzvləri və eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icma sədri Rahim Həkimov gənclərin milli–mənəvi dəyərlərimizə bağlı ruhda tərbiyə olunmasında maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb.
Daha sonra çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev qeyd edib ki, tarixən çoxmillətli və çoxkonfessiyalı dövlət olan Azərbaycanda milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. O, etnik və dini müxtəlifliyin ölkəmizin milli sərvəti kimi dəyərləndirildiyini diqqətə çatdırıb. Şöbə müdiri vurğulayıb ki, Azərbaycan multikulturalizm sahəsində olduğu kimi, İslam həmrəyliyi istiqamətində səyləri ilə də öz örnəyini meydana qoyacaq.
Qafqaz Müsəlmanları İdarəsinin Göyçay-Ucar rayonları üzrə səlahiyyətli nümayəndəsi Cavid Səfərov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov və digər natiqlər də səmavi dinlərin hər birinin insanlara hidayət yolunu göstərmək üçün Allah tərəfindən göndərildiyini, İslamın təlqin etdiyi birlik, ədalət, əxlaqi təkamül ideyalarının həm müsəlman ümməti, həm bütün qeyri-müsəlmanlar üçün mühüm dəyər kəsb etdiyini qeyd ediblər.
Tədbirin yekununda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.