Göyçayda "Heydər Əliyev İslam Həmrəyliyi ideyasının banisidir" mövzusunda tədbir keçirilib
Oktyabrın 20-də Yeni Azərbaycan Partiyası (YAP) Göyçay rayon təşkilatının və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə təşkilatın inzibati binasında "Heydər Əliyev İslam Həmrəyliyi ideyasının banisidir " mövzusunda tədbir keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşı Rauf Nəsirov, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, dini icma sədrləri, partiyanın gənc fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası (YAP) Göyçay rayon təşkilatının sədri Sahib Şükürov partiyanın yaranma tarixindən və keçdiyi inkişaf yolundan danışıb. S. Şükürov vurğulayıb ki, Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi nəcib amalı özünün siyasi idealı, əsas strateji xətti seçən Yeni Azərbaycan Partiyasının yaranması da tarixi zərurətdən irəli gəlib.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, şöbənin əməkdaşı Rauf Nəsirov və Qafqaz Müsəlmanları İdarəsinin Göyçay–Ucar rayonları üzrə səlahiyyətli nümayəndəsi Rəsul Kazımov da öz çıxışlarında Ulu Öndər Heydər Əliyevin xalqımızın milli-mənəvi dəyərlərinin və çoxəsrlik adət-ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi, dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində gördüyü böyük işlərdən söz açıblar. Natiqlər qeyd edib ki, bütün bu misilsiz işlərin nəticəsi olaraq bu gün Azərbaycan İslam dünyasında vəhdətin, həmrəyliyin gücləndirilməsinə mühüm töhfə verir, müvafiq tədbirlər keçirir. Bu gün dünyaya multikulturalizm nümunəsi olan Azərbaycanda dinlərarası dialoq və əməkdaşlıq da Heydər Əliyevin müdrik siyasətinin, dini sahədə də balanslaşdırılmış siyasət yürütməsinin nəticəsidir.
Tədbir məruzələr ətrafında müzakirələrlə davam edib.


