Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.02.2017 / İslam Həmrəyliyi İli

Gəncədə “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib

Fevralın 27-də Gəncədə “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva, DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev, şöbənin əməkdaşları, Gəncə Dövlət Universitetinin müəllim və tələbə kollektivi iştirak edib.
Tədbiri giriş sözü ilə açan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva bildirib ki, Prezident cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Nizami yurdunun hər sahəsində inkişaf prosesi gedir. Ölkənin dini–tarixi abidələrinin tamamilə yenidən qurulmasına və gələcək nəsillərə çatdırılmasına həssaslıqla yanaşan Prezident İlham Əliyevin “İmamzadə” dini kompleksinin əsaslı təmiri və bərpasına xüsusi diqqət göstərdiyini qeyd edən Sevda Qurbanəliyeva bunu dövlətin dinə bariz qayğısı adlandırıb. O, “İslam Həmrəyliyi İli” çərçivəsində  Gəncədə keçiriləcək silsilə tədbirlər barədə də məlumat verib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Prezident İlham Əliyevin 10 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında imzaladığı Sərəncamın vacibliyindən danışıb. Səyyad Salahlı “İslam Həmrəyliyi ili” elan edilməsinin  çox böyük ictimai-siyasi, beynəlxalq və ideoloji əhəmiyyəti olduğunu deyib. Sədrin birinci müavini  bu tarixi qərarın İslam ölkələri arasında dinlə yanaşı iqtisadi, siyasi, mədəni, ticari və digər əlaqələrin inkişafına da töhfə verəcəyinə ümidvar olduğunu bildirib. Səyyad Salahlı , eyni zamanda İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri barədə tövsiyələrini verib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.