Biləsuvarda “İslam həmrəyliyi - sülhə aparan yol” layihəsi çərçivəsində tədbir baş tutub
Dekabrın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Biləsuvar rayonu İsmətli kənd “Əbülfəzl” məscidi dini icması tərəfindən “İslam həmrəyliyi - sülhə aparan yol” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbənin əməkdaşı Taleh Nuruyev, Biləsuvar Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Kamil Qurbanlı, dini icma sədri Hadi İsgəndərov, dini icma üzvləri və kənd ağsaqqalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Biləsuvar RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Kamil Qurbanlı ölkəmizdə müxtəlif dinlərə və məzhəblərə mənsub insanların bərabər, mehriban və həmrəylik şəraitində yaşadığını qeyd edib. O, həmçinin vurğulayıb ki, bu gün ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlik, milli-mənəvi həmrəylik və etnik-dini tolerantlıq əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin məntiqi nəticəsidir.
Ardınca çıxış edən DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Nuruyev bütün səmavi dinlərin bəşərə sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma, qardaşlıq, mərhəmət ideyalarını təlqin etdiyini bildirib, Azərbaycanın multikulturalizm və İslam həmrəyliyi baxımından nümunə olduğunu qeyd edib. Natiq, həmçinin ölkəmizdə müsəlmanlarla yanaşı başqa dinlərin nümayəndələrinin də mehriban və qardaşlıq şəraitində yaşadıqlarını vurğulayıb.
Dini icma sədri Hadi İsgəndərov bildirib ki, Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi mühüm tarixi əhəmiyyət daşımaqla bərabər İslam ölkələri arasında ziddiyyətlərin aradan qaldırılmasına, radikalizmə qarşı mübarizənin gücləndirilməsinə və həmrəyliyin formalaşdırılmasına yönələn son dərəcə müdrik təşəbbüsdür.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən keçirilib.
.jpg)
.jpg)