Beyləqanda “İslam həmrəyliyi və vətənpərvərlik” mövzusunda maarifləndirici tədbir keçirilib
Noyabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Beyləqan rayonu Qarallar kənd məscidi dini icmasının “İslamda həmrəylik məzhəblərarası tolerantlıq müstəvisində” layihəsi çərçivəsində “İslam həmrəyliyi və vətənpərvərlik” mövzusunda maarifləndirici tədbir keçirilib.
Qarallar kənd tam orta məktəbində təşkil olunan tədbirdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin əməkdaşı Əli Həziyev, İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, eləcədə həmin şöbənin əməkdaşları Elbəy Dəmirov və Elvin İbrahimov, dini icma sədri Səbuhi İbadov, məktəbin direktoru Mənsumə Abışova, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan dini icma sədri Səbuhi İbadov çıxışında qeyd edib ki, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi müharibə şəraitində yaşayan ölkəmiz üçün həddən artıq önəmlidir. Bu baxımdan gələcəyimiz olan gənc nəslin Vətənə sədaqət ruhunda tərbiyə olunmasına böyük məsuliyyətlə yanaşılmalı və ona həyati əhəmiyyətli məsələ kimi baxılmalıdır. Daha sonra o, ölkəmizdə dinlər və məzhəblər arasında sağlam münasibətlərin, həmrəylik və qarşılıqlı ünsiyyətin mövcudluğundan danışıb.
Daha sonra çıxış edən DQİDK-nın əməkdaşı Əli Həziyev bildirib ki, gənclər arasında vətənpərvərliyin təbliğində ziyalılarımızla, təhsil müəssisələrimizlə yanaşı, dini icmalar da iştirak etməlidirlər.O vurğulayıb ki, dini icmaların bu istiqamətdəki fəaliyyətini daha da təkmilləşdirməyə, bu sahədə birgə işin koordinasiya edilməsinə böyük ehtiyac var. Çünki gənclərimizin təhsil müəssisələrindən sonra ən çox üz tutduqları məkan məhz ibadət evləridir.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov isə gənclərin radikal dini təsirlərdən, dini radikalizmdən qorunmasında və onların əsl vətənpərvər gənclər kimi yetişməsində təhsilin və maarifləndimənin vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, layihə çərçivəsində nəşr olunan dini ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.