Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
18.12.2017 / İslam Həmrəyliyi İli

Bakıda “İslam Həmrəyliyi İli”nə həsr olunmuş konfrans keçirilib

Dekabrın 18-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə “Prezident İlham Əliyevin siyasəti və İslam həmrəyliyi: anlaşmadan əməkdaşlığa doğru” mövzusunda konfrans keçirilib.
Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Bilik Fondunun, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təmsilçiləri, Milli Məclisin deputatları, elm və din xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransı açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı çıxışında Prezident İlham Əliyev tərəfindən elan olunan “İslam Həmrəyliyi İli” nin önəminə toxunub. Dövlət Komitəsinin sədri vurğulayıb ki, bu gün İslam həmrəyliyi İslam dünyası üçün çox mühüm məsələdir. Prezident İlham Əliyevin bu istiqamətdə atdığı addımlar, söylədiyi fikirlər, verdiyi qərarlar bütün İslam dünyasında geniş əks-səda doğurmaqla bərabər, bizə gələcək fəaliyyətimizdə böyük stimul verəcək.
Komitə sədri qeyd edib ki, İslam həmrəyliyi yalnız İslam dünyasına xas olan məsələ deyil. Eyni zamanda, dünyada olan müxtəlif dinlər arasındakı həmrəyliyə yönələn addımdır. Dünya miqyasında dini ayrı-seçkiliyin gücləndiyi bir zamanda yaşayırıq. Bu səbəbdən dinlər və mədəniyyətlər arasında dialoqun bərqərar olması, həmrəyliyin gücləndirilməsi labüddür.
Bildirib ki, il ərzində DQİDK, QMİ, AMEA-nın iştirakı ilə çoxsaylı tədbirlər keçirilib. Həm ölkə daxilində, həm də ölkə xaricində keçirilən tədbirlərdə İslam həmrəyliyi, onu zəruri edən şərtlər, bütövlükdə dünyada sülh, əmin-amanlıq və əməkdaşlığa göstərdiyi təsir geniş müzakirə edilib.
Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyev ölkəmizdə dini zəmində tolerantlığın olduğunu deyib, bu faktın beynəlxalq iqtisadi layihələrə də müsbət təsir göstərdiyini bildirib. Qeyd edib ki, hələ sovet vaxtlarında ulu öndər Heydər Əliyev Sovetlər Birliyində nazirlər kabinetində sədr müavini olarkən rəhbərlik etdiyi istiqamətlərdən biri də İslam ölkələri ilə əlaqə qurmaq idi. Sovetlər birliyi ilə İslam dövlətləri arasında əlaqə qurmaq əsas vəzifəsi olan Ulu Öndər, həm də İslam dövlətlərinin öz aralarında müəyyən həmrəyliyin olmasına nail olmağa çalışırdı. 1993-cü ilin noyabrın 23-də İslam Həmrəyliyi Əməkdaşlıq təşkilatının konfransında Ümummilli Liderimiz çıxışının əsas etimadı Azərbaycana təcavüz məsələsi, torpaqlarının bir hissəsinin mənfur qonşularımız tərəfindən zəbt edilməsi məsələsi İslam dövlətlərinin diqqət mərkəzinə gəldi və bütövlükdə həmin İslam ölkələri Azərbaycan ərazisinin indiki BMT tərəfindən sərhədlər çərçivəsində tanınmasını qəbul etdilər. Məhz bu çıxışdan sonra İslam dövlətlərinin Azərbaycana diqqəti artmağa başladı. İndi Ümummilli Liderin bu siyasəti Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilir, və beləliklə Azərbaycan İslam dövlətlərinin diqqət mərkəzindədir. İlham Əliyev siyasəti Azərbaycanın xalqının identikliyinin qorunub saxlamağa yönəlib. İ.Vəliyev qeyd edib ki, bu ildə 100-dən artıq mühazirələr, konfranslar, “dəyirmi masalar” təşkil olunub.
Milli Məclisin İctimai birliklər və dini durumlar komitəsinin sədri Siyavuş Novruzov bu gün dünyada İslamla bağlı məqsədli şəkildə mənfi fikir formalaşdırıldığını təəssüflə bildirib, islamofobiyaya qarşı mübarizənin gücləndirilməsinin vacibliyini vurğulayıb. Deyib ki, Azərbaycan “İslam Həmrəyliyi İli”nin elan edilməsi ilə göstərib ki, İslam sülh, əmin-amanlıq, qardaşlıq, dostluq dinidir. İslam həmrəyliyi oyunlarının məhz Azərbaycanda keçirilməsi və bu oyunlarda İslam ölkələrinin əksəriyyətinin iştirakı bir daha sübutdur ki, ölkəmizdə İslama yanaşma düzgün qurulub. Dövlətimizin İslam dininə, milli-mənəvi dəyərlərimizə, tolerantlığa göstərdiyi qayğı çox yüksək formada təşkil olunub. Deputat bildirib ki, bəzən dünyada İslamı tamam başqa ad altında təqdim edirlər: “Bəzən bu, subyektiv səbəblərdən olsa da, əksər hallarda isə bəzi ölkələr buna imkan yaradır ki, İslamı onların istədikləri kimi təqdim etsinlər. İslam daxilində olan müəyyən qüvvələr prinsiplərdən kənara çıxaraq öz qanunları ilə cəmiyyəti başqa istiqamətlərə yönəldərək canfəşanlıq edirlər. Ona görə də ilk olaraq bunların qarşısı alınmalıdır”. Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Konstantin Pominov ölkəmizdə hökm sürən tolerantlıq mühiti, xalqımıza məxsus multikultural dəyərlər, ayrı-ayrı dinlər və konfessiyalar arasında qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər haqqında söhbət açıblar. Bildirilib ki, Azərbaycan dünyəvi ölkədir və burada müxtəlif dini konfessiyaların nümayəndələri əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Xalqımız onların dilinə, dininə, mədəniyyətinə daim hörmətlə yanaşır. Çıxış edənlər dövlətimizin din sahəsinə qayğısından, Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasında xidmətlərindən söz açaraq, Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi tədbirləri xüsusi vurğulayıblar.