Azərbaycan İslam həmrəyliyini dəstəkləyən siyasətini davam etdirəcək
“Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra İslam ölkələri ilə qarşılıqlı faydalı əlaqələrin qurulması və inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi siyasətin başlıca istiqamətlərindən biri olub. Azərbaycan İslam ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri qurub, İslam Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən birinə çevrilib”. Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.
Onun sözlərinə görə, bu gün Prezident İlham Əliyev Azərbaycanın İslam ölkələri ilə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi, dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsi, islamofob dairələr tərəfindən İslam dininə qarşı təşkil edilən kampaniyanın qarşısının alınması, İslam dünyasına qarşı təhdidlərin aradan qaldırılması məsələlərinə böyük önəm verir. “Təsadüfi deyil ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub və ölkəmiz bu çərçivədə həm yerli, həm də beynəlxalq səviyyədə bir çox təşəbbüslərlə çıxış edir. Bu çərçivədə İslam dəyərlərinin, mədəniyyətinin təbliği məqsədilə ölkə daxilində və onun hüdudlarından kənarda konfransların, forumların, simpoziumların və digər tədbirlərin təşkilinə xüsusi diqqət yetiriləcək. İslam ölkələrinin rəsmi şəxsləri, qeyri-hökumət, ictimaiyyət nümayəndələri arasında təmaslar intensivləşdiriləcək, qarşılıqlı səfərlər təşkil olunacaq. Azərbaycan dünyada islamofobiya meyillərinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə vahid mərkəzin yaradılmasını təklif edir və bu təşəbbüsün reallaşdırılması üçün digər ölkələrlə birlikdə müvafiq tədbirlər görəcək. Eyni zamanda, Azərbaycan problemlərlə üzləşmiş İslam ölkələrinə həm siyasi, həm də digər formalarda dəstəyin gücləndirilməsi üçün birgə məqsədyönlü addımlar atılmasını zəruri hesab edir”.
Ə. Həsənov onu da qeyd edib ki, Azərbaycan hər il beynəlxalq miqyasda keçirdiyi mədəniyyətlərarası dialoq, humanitar forumlar çərçivəsində İslam dünyasının üzləşdiyi problemləri müzakirəyə çıxarmaq, onları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq və həlli yollarını tapmaq üçün səylərini artıracaq. “Bütün bunlar və həyata keçirilməsi nəzərdə tutulan digər tədbirlər göstərir ki, Azərbaycan İslam həmrəyliyini dəstəkləyən siyasətini var gücü ilə və peşəkarcasına davam etdirəcək. Müsəlmanlar arasında birliyin və həmrəyliyin formalaşdırılması, eləcə də islamofobiya hallarına qarşı birgə mübarizə bu siyasətin əsasını təşkil edir. Azərbaycanın İslam həmrəyliyi mövzusunda təklif etdiyi platforma bu problemlərin həllinə kömək edə bilər”.
İslam ölkələrinin qarşılaşdığı problemlərin həlli ilə bağlı Azərbaycanın hansı səylər göstərdiyinə gəlincə, Ə. Həsənov deyib ki, Azərbaycan bu problemlərin həlli yollarının tapılmasına, dialoq yaradılmasına çalışır. O, bu problemlər sırasında Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsini, Fələstin problemini, Yaxın Şərq dövlətlərinin daxili işlərinə xarici müdaxilə nəticəsində yaranmış münaqişələri və qaçqın böhranını, İslam xalqları arasında milli və ya dini əsasda təfriqə salınmasını qeyd edib.