Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
24.11.2017 / İslam Həmrəyliyi İli

Astarada “İslam həmrəyliyi, milli-mənəvi dəyərlərimiz və təhsil” mövzusunda tədbir keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Astara Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə noyabrın 23-də Astara Rayon Pedaqoji kollecində “İslam həmrəyliyi, milli-mənəvi dəyərlərimiz və təhsil” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə, Astara Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Elnur Qurbanlı, kollecin müəllim və tələbə kollektivi iştirak ediblər.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə çıxışında dini radikalizm, ekstremizm və onların fəsadları haqqında məlumat verərək, İslam həmrəyliyinin və milli-mənəvi dəyərlərin təbliğinin bu baxımdan əhəmiyyətini qeyd edib. T.Həsənzadə, eyni zamanda Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” filmi haqqında danışıb. Bildirib ki, filmin çəkilməsində əsas məqsəd gənclərin yad təsirlərdən, dini radikalizmdən qorunması və onlara vətənpərvərlik hisslərinin  təbliğ olunmasıdır.
Astara Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Elnur Qurbanlı çıxışında bu cür tədbirlərin gənclərin radikal dini təsirlərdən, dini radikalizmdən qorunmasında böyük əhəmiyyətinin olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Təhsil Nazirliyi tərəfindən birgə imzalanmış Tədbirlər Planına uyğun olaraq keçirilib.