Ağdaşda “İslam həmrəyliyi və zamanın çağırışı” mövzusunda tədbir keçirilib
Aprelin 12-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Ağdaş Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi və zamanın çağırışı” mövzusunda tədbir keçirilib.
Ağdaş Dövlət Humanitar Kollecində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, şöbənin əməkdaşları Tural Ələkbərov və Fuad Şirinov, Ağdaş RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir muavini - dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev, Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Namiq Mehdiyev, QMİ-nin bölgə qazısı Əli Məmmədov, Ağdaş rayon Gənclər və İdman idarəsinin rəisi Azad Gözəlov, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Namiq Mehdiyev giriş sözü ilə açaraq mövzu ilə bağlı nitq söyləyib.
Sonra çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev Prezident İlham Əliyevin bu ili “İslam Həmrəyliyi İli” elan etməsinin dünyaya bir mesaj olduğunu vurğulayaraq, ölkəmizin tolerantlıq və multikultural dəyərlərinin dünyaya nümunə olduğu kimi İslam həmrəyliyi çağırışının da dünyaya örnək olacağını bildirib.
Daha sonra Ağdaş şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev, Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, kollecin müəllimi Anar İbrahimli, tələbə Səbuhə Hüseynova mövzu ilə bağlı çıxış ediblər.
Çıxış edən natiqlər tarixən Azərbaycanda mövcud olan multikultural və tolerant dəyərlərin inkişaf etdirilməsi və gələcək nəslə ötürülməsinin vacibliyindən bəhs edib, “İslam Həmrəyliyi İli”, o cümlədən qarşıdan gələn IV İslam Həmrəyliyi Oyunları çərçivəsində milli-mənəvi dəyərlərimizin geniş təbliğinin əhəmiyyətini vurğulayıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.