Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
29.11.2017 / İslam Həmrəyliyi İli

Ağdamda İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyət istiqamətləri müzakirə olunub

Noyabrın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib.
Ağdam Dövlət Sosial-İqtisad kollecində baş tutan tədbirdə Ağdam Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev, RİH başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ağa Zeynalov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, rayon ictimaiyyəti, dindarlar, kollecin müəllim və tələbə heyəti iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ağdam RİH başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ağa Zeynalov “İslam Həmrəyliyi İli” çərçivəsində həyata keçirilən silsilə tədbirlərin əhəmiyyəti barədə danışıb. Rayonda 10-dan çox məscidin və bir neçə dini icmanın fəaliyyət göstərdiyini bildirən A.Zeynalov vurğulayıb ki, dini icmalar da öz fəaliyyətlərini İslam həmrəyliyinin təbliği istiqamətində qurublar.
Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi və respublikada dini durumun sabit saxlanılmasında ölkə rəhbərliyi tərəfindən çox ciddi işlər görüldüyünü bildirib. Bunların təzahürü olaraq 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edildiyini diqqətə çatdırıb. Səyyad Salahlı XXI əsrdə İslam dünyasının bir hissəsinin savaş mənbəyinə çevrildiyini qeyd edib. O deyib ki, Prezident İlham Əliyevin fəaliyyəti bir daha onu göstərir ki, qlobal miqyasda sülhü əldə etmək üçün ilk növbədə müsəlman dünyasında birliyə nail olmaq, məzhəblər arasında etimad yaratmaq, cəhalətdən uzaqlaşmaq lazımdır.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, eyni zamanda Dövlət Komitəsi tərəfindən çap olunmuş maarifləndirici kitablar paylanılıb.