“21-ci əsrdə İslam həmrəyliyi: gələcəyə inteqrasiya” adlı jurnal nəşr edilib
İslam Əməkdaşlıq Təşkilatı, Azərbaycanın Ankaradakı səfirliyi və İslam ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqatlar Mərkəzi birlikdə “21-ci əsrdə İslam həmrəyliyi: gələcəyə inteqrasiya” adlı jurnal nəşr edib.
İslam həmrəyliyinin əsas məramının bütün müsəlman dünyasına çatdırılması baxımından böyük əhəmiyyət kəsb edən jurnalda “İƏT daxili həmrəyliyi necə yaratmaq lazımdır: ümmət həmrəyliyi təklifi”, “Həmrəylik haqqında İslam nəzəriyyəsi”, “Keçmiş: İƏT çərçivəsində həmrəylik tarixi”, “Gələcək: İƏT və dünya həmrəyliyini necə inkişaf etdirməli”, “Azərbaycan və İslam həmrəyliyi” mövzuları geniş işıqlandırılıb.
Nəşrin “Azərbaycan və İslam həmrəyliyi” bölməsi ölkəmizə həsr edilib. Bu bölmədə Azərbaycanın İslam həmrəyliyi modelini uğurla həyata keçirməsi qeyd olunub, eyni zamanda nümunəvi modelin necə tətbiq olunduğuna dair konkret nümunələr təqdim edilib.
Bölmədə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının “Azərbaycan İslam həmrəyliyinin ideya və real fəaliyyət mərkəzinə çevrilir” adlı məqaləsinə də yer verilib.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məqaləsində dövlət-din münasibətlərinin uğurlu Azərbaycan modeli, dinimizə dövlət qayğısı, Prezident İlham Əliyev tərəfindən elan edilən “İslam Həmrəyliyi İli”nin müsəlman aləmi üçün önəmi kimi mövzularla bərabər dünyada gündən-günə artan islamofobiya meyilləri, ermənilər tərəfindən azərbaycanlılara qarşı etnik zəmində törədilən soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə də toxunub.
Jurnalda, eləcə də son 25 ildə Azərbaycanda dövlət tərəfindən inşa və bərpa edilən Şamaxı Cümə, Bibiheybət, Təzəpir, İçərişəhər Cümə kimi dini ibadətgah yerlərinin, Cənubi Qafqazın ən böyük məscidi olan Heydər məscidinin, həmçinin erməni vandalizminə məruz qalmış Ağdam və Şuşa Gövhərağa məscidlərinin fotoşəkilləri də yer alıb.