Ucarda "Heydər Əliyev - Müstəqil Azərbaycanın memarı" mövzusunda tədbir keçirilib
Avqustun 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi, Ucar rayon təhsil, gənclər və idman sektorlarının birgə təşkilatçılığı ilə "Heydər Əliyev - Müstəqil Azərbaycanın memarı" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, orta məktəb direktorları və gənclər iştirak ediblər.
Öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs olunub. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycanı sosial-iqtisadi, ictimai-siyasi və mədəni cəhətdən inkişaf etmiş bir ölkəyə çevirib. Azərbaycanın hərtərəfli inkişafı məhz Ümummilli Lider Heydər Əliyevin adı, şəxsiyyəti, dövlətçilik təfəkkürü, idarəetmə məharəti və yorulmaz fəaliyyəti ilə bağlıdır.

