Qubada “14 iyul 1969-cu il: müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda konfrans keçirilib
İyulun 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin və Quba Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı, Quba Tarix-Diyarşünaslıq Muzeyinin dəstəyi ilə “14 iyul 1969-cu il: müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda regional konfrans keçirilib.
Konfransda DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, Quba RİH İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin Quba, Qusar və Xaçmaz rayonları üzrə qazısı Naib Səttarov, ziyalılar, regionun din xadimləri, dini icmalar, eləcə də gənclər iştirak ediblər.
Çıxışlar zamanı bildirilib ki, Ulu Öndər Heydər Əliyevin adı dünyanın ən parlaq, ən nüfuzlu və fenomen şəxsiyyətlərinin adları ilə yanaşı çəkilir. Onun bütün fəaliyyəti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı. Dünya azərbaycanlılarını birliyə və vəhdətə səsləyən Heydər Əliyev müdrik rəhbərliyi, uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, eyni zamanda güclü və qüdrətli, müstəqil Azərbaycan naminə böyük səylər göstərərək buna nail olub.
Vurğulanıb ki, Heydər Əliyev birinci dəfə siyasi hakimiyyətə gəldiyi dövrdə bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb, ictimai şüurdakı qorxunu aradan qaldırıb, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırıb. Hər bir Azərbaycan vətəndaşına belə bir inam aşılanıb ki, bu xalq nə vaxtsa öz azadlığına qovuşacaq. Ulu Öndərimiz Azərbaycan xalqının şüurunda məhz bu inqilabi dəyişikliyi yaradıb.
Konfransda Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə çəkilən “Heydər Əliyev - dəyərlərimizin xilaskarı” sənədli filmi nümayiş etdirilib.