İmişlidə "Heydər Əliyev irsi və müstəqil dövlətçilik" mövzusunda tədbir keçirilib
Avqustun 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, İmişli Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman sektoru, eləcə də İmişli Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev irsi və müstəqil dövlətçilik" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalətoğlu, İcra Hakimiyyətinin baş məsləhətçisi İlkin Quluzadə, təşkilatçı qurumların nümayəndələri, həmçinin gənclər iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşüb. Müstəsna xidmətləri ilə əbədilik qazanan Ulu Öndərin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. O da vurğulanıb ki, ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ümummilli Liderin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib.
Sonda Ulu Öndər Heydər Əliyevin fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.
