“Heydər Əliyev 100: azərbaycançılıq ideologiyası və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib
Mayın 2-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (Dövlət Komitəsi) tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev 100: azərbaycançılıq ideologiyası və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib.
Əvvəlcə Dövlət Komitəsi tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə çəkilmiş “Heydər Əliyev və azərbaycançılıq” filmi nümayiş olunub.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransı giriş sözü ilə açaraq müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsindəki xidmətlərindən, o cümlədən milli-mənəvi dəyərlərimizin dirçəldilməsinə, tolerant və multikultural ənənələrin inkişafına verdiyi töhfələrdən danışıb. Müstəqilliyimizin bərpasından sonra xalqın yüksək mənəvi dəyərlərini qoruyaraq bütövlükdə sağlam cəmiyyətin formalaşmasına təsir göstərmək, onun tarixi yaddaşını, milli-mənəvi dəyərlərini gələcək nəsillərə ötürmək kimi tarixi vəzifəni üzərinə götürən Ümummilli Lider Heydər Əliyevin bu sahədə həyata keçirdiyi missiyadan geniş şəkildə bəhs edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov bildirib ki, ölkəmizin bugünkü mütərəqqi vəziyyətə gəlib çıxmasına Ümummilli Lider Heydər Əliyevin göstərişi və rəhbərliyi ilə iqtisadi, siyasi sahədə, islahatların həyata keçirilməsi, neft strategiyasının hazırlanaraq tətbiq edilməsi, hüquqi sistemin formalaşdırılması sayəsində nail olunmuşdur. Xalqı birləşdirən dəyərlər sisteminin qorunub saxlanılması, Azərbaycan müstəqilliyinin və dövlətçilik ənənələrinin davam etdirilməsi istiqamətində dahi şəxsiyyətin xidmətlərinə toxunan R.Həsənov vurğulayıb ki, bu gün ölkəmizdə mövcud olan multikulturalizmin siyasi banisi məhz Ulu Öndərdir. O, ölkədə yaşayan xalqların, dini konfessiyaların nümayəndələri arasında fərq qoymayaraq, bütün mədəniyyətləri, dinləri xalqın sərvəti hesab edirdi. BBMM-nin icraçı direktoru onu da bildirib ki, bizə məxsus olmayan, Azərbaycan xalqının birliyini pozan yad fikirlərin millətə nüfuz etməsinin Heydər Əliyevin fəaliyyəti nəticəsində qarşısı alınmışdır.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Rəşad Əliyarlı Türk dünyasının və dövrünün ən görkəmli siyasi xadimi olan Heydər Əliyevin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasındakı xüsusi xidmətlərini, fədakar fəaliyyəti haqqında tarixi məqamları diqqətə çatdırıb. Həmçinin milli dəyərlərə söykənən, vəhdəti, birliyi, həmrəyliyi özündə ehtiva edən, habelə vicdan və dini etiqad azadlığını təmin edən dövlət-din münasibətlərinin tənzimlənməsində və möhkəmlənməsində Ümummilli Liderin böyük xidmətlərini qeyd edib.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Heydər Əliyevin milli-mənəvi dəyərlərin mühafizəsi, Ana dilimizin qorunub inkişaf etdirilməsi istiqamətində gördüyü işlərdən bəhs edib. Bildirib ki, Ulu Öndər Azərbaycan mətbuatına münasibətdə daim balansı qoruyub saxlamağı bacarıb, jurnalistikanın tərəqqisi, söz və mətbuat azadlığının müdafiəsi naminə misilsiz tarixi xidmətlər göstərib. Heydər Əliyevin milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edən azərbaycançılıq ideologiyasını irəli sürməsinin tarixi nəticələrindən də bəhs edən Şura sədri bu ideyanın ölkəmizdə və dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımızı daim milli ideya ətrafında birləşməyə, təşkilatlanmağa sövq etdiyini dilə gətirib.
Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev müasir Azərbaycanın qurucusu və memarı olan Ulu Öndərin multikultural və tolerant dəyərlərin təbliğ və təşviq edilməsindəki roluna toxunub. Bununla ölkəmizdə bütün dinlərə aid olan dini ibadətgahların yenidən qurulması, əsaslı təmiri, yenilərinin tikintisi istiqamətində mühüm addımlar atıldığını, Azərbaycanın tolerant bir ölkə kimi dünyaya bir nümunəyə çevrildiyini deyib. M.Yevdayev Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda müxtəlif dinlərə mənsub olan millətlərin mehriban şəraitdə yaşadığını və Azərbaycan vətəndaşları kimi dövlətin bütün diqqət və qayğılarından bəhrələndiyini qeyd edib.
Azərbaycan İlahiyyat İnstitutunun rəhbərliyi yanında İctimai Nəzarət Şurasının üzvü Şahlar Əsgərov Ümummilli Liderin dövlətçiliyimizin və milli dəyərlərimizin qorunmasındakı mühüm xidmətləri, siyasi fəaliyyəti, elm, təhsil, mədəniyyət sahələrində həyata keçirdiyi islahatlar barədə tədbir iştirakçılarını məlumatlandırıb. Bildirib ki, Ulu Öndər insanları müəyyən bir ideya arxasınca apararaq milli birliyə nail olmuş, özünün şah əsəri olan müstəqil Azərbaycan dövlətini yaratmış xalqımızın taleyində ən vacib rolu oynamış müstəsna şəxsiyyət olub.
DQİDK yanında İctimai Şuranın sədri Sevinc Alızadə Heydər Əliyevin fəadakar fəaliyyəti sayəsində müstəqilliyimizin ilk illərində cəmiyyətin bütün sahələrində əldə olunan naliyyətlərdən danışıb. Onun ideyalarının Prezident İlham Əliyevin rəhbərliyi ilə gənc nəsil tərəfindən uğurla davam etdirildiyini, Ulu Öndərin azərbaycançılıq ideyasının özünün yenilməz gücünü Vətən müharibəsində bir daha nümayiş etdirdiyini vurğulayıb.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının mətbuat katibi Konstantin Pominov Ümummilli Liderimizin hakimiyyətə gəldiyi ilk vaxtlardan dini sahəyə, dini konfessiyaların ölkəmizdəki fəaliyyətinə göstərdiyi dəstəyi vurğulayıb. Onun əsasını qoyduğu modelin bu gün ölkəmizdə sabitliyin, tolerantlığın, dinamik inkişafın başlıca qarantına çevrildiyini deyib.
Sonra Ümummilli Liderlə bağlı xatirələrini və zəngin irsi barədə fikirlərini bölüşən Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə din xadimləri və dini icmaların üzvləri arasında elan etdiyi “Heydər Əliyev siyasəti: Azərbaycanın dövlət-din modeli” mövzusunda yazı müsabiqəsinin nəticələri ilə bağlı məlumat verib. Şəki Şəhər Mərkəzi "Cümə" məscidi dini icmasından Müşviq Xəlilov I yerə, Ceyranbatan qəsəbə məscidi dini icmasından Əli Şərbətov II yerə, Şəki Şəhər Mərkəzi "Cümə" məscidi dini icmasından Əlyəsə Əslanov III yerə, 3 icma nümayəndəsi isə həvəsləndirici mükafata layiq görülüblər.
Dövlət Komitəsi tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun yeniyetmə və gənclər arasında keçirdiyi “Ulu Öndərin izi ilə” adlı rəsm müsabiqəsi barədə Fondun icraçı direktoru Mehman İsmayılov məlumat verib. Nursalə Nabatəliyeva I, Nigar Vəliyeva II, Elmar Məmmədzadə III yer üzrə qalib olublar, digər 5 nəfər gənc isə həvəsləndirici mükafat qazanıblar.
