Xocalı rayonunun vandalizmə məruz qalmış abidələri
Xocalı rayonu noyabr ayının 26-sı 1991-ci ildə yaradılmışdır. Sahəsi 0,936 min kvadrat kilometr olan rayona 1 şəhər, 2 qəsəbə, 50 kənd daxildir. Ağdam şəhərinin 18, Xankəndi şəhərinin 14 kilometrliyində, Qarabağ silsiləsində yerləşir.
1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri Xocalını darmadağın etmiş, 7 min əhalisi olan şəhərdə soyqırımı törətmiş, 613 nəfər, o cümlədən 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmüş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmişdir. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülmüşdür, onların 150-nin taleyi bu gün də məlum deyildir. 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuşdur.
Xocalı şəhəri 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur. Yevlax rayonunda keçirilən danışıqların nəticəsində rayon 24 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının nəzarətinə keçib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Xocalı tarixən insanların yaşayış məskəni olmuşdur. Rayon ən qədim dini, memarlıq və mədəniyyət abidələri ilə zəngindir. Xocalının yaxınlığında bizim e. ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyəti abidələri yerləşir. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid olunan dəfn abidələri - daş qutular, kurqanlar və daş kitabələr tapılmışdır. Rayon ərazisində arxeoloji abidələr - dairəvi qəbir (1356-1357-ci illər) və mavzoley (XIV əsr) də vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc və sümükdən hazırlanmış bəzək əşyaları, eləcə də, gildən bişirilmiş saxsı ev əşyaları və s. tapılmışdır.
Tarixi-dini abidələri
Dairəvi məbəd (1356-1357-ci illər) – Xocalı şəhəri
Alban məbədi (905-ci il) – Şuşa kəndi
Alban məbədi (1100-cü il) – Çanaqçı kəndi
Alban məbədi (1065-ci il) – Çanaqçı kəndi
Alban məbədi (1100-cü il) – Xaçmas kəndi
Alban məbədi (1122-ci il) – Xansıx kəndi
Alban məbədi (1202-ci il) – Armudlu kəndi
Məbəd kompleksi (VII əsr) – Badara kəndi
Kilsə (XIII əsr) – Xanabad kəndi
Günbəz – Xocalı kəndi
Qədim tarixə malik olan Alban abidələri – Xocalı kəndi
Qədim Alban kilsəsinin qalıqları – Kərkicahan qəsəbəsi
“Börgün qayasında olan kilsə” alban kilsəsi – Meşəli kəndi
“Yeddi kilsə” Alban kisəsi – Meşəli kəndi
“Durpasuda olan kilsə” Alban kilsəsi – Meşəli kəndi
“Balaca suda olan kilsə” Alban kilsəsi – Meşəli kəndi
“Əvəzin yurdunda olan kilsə” (Alban kilsəsi) – Meşəli kəndi
Ziyarətgahları
Səkkizgüşəli günbəz ziyarətgahı (XIII əsr)
Xocalı qəbiristanı e. ə. VIII-VII əsrlər
Seyid Cəlal ağanın ocağı – Xocalı şəhəri
Cahan nənə ocağı – Xocalı şəhəri
Qaranın ocağı – Kərkicahan qəsəbəsi
Darılı piri – Kosalar kəndi
Tarixi memarlıq və arxeoloji abidələri
Daş qutu nekropolu (Tunc dövrü) - Xocalı şəhəri, Əsgəran dağında
Nekropol (İlk və Orta Tunc dövrü) - Xankəndidən cənubda
Küp qəbirlər nekropolu (ilk orta əsrlər) - Xankəndinin kərpic zavodunun ərazisində
Kurqan (Dəmir dövrü) - Xankəndinin yaxınlığında
Xankəndi kurqanları (Tunc dövrü) - Xankəndinin şimalında
Xaçınçay nekropolu (İlk və Orta Tunc dövrü) – Seyidşən kəndindən şimal-şərqdə
Küp qəbirlər nekropolu (Tunc dövrü) - Armudlu kəndindən 2 km. İlis kəndinə tərəf
Kurqan (Tunc dövrü) - Armudlu kəndindən 15 km. İlis çayının sahilində
Daş qutu nekropolu (Dəmir dövrü) – Armudlu kənd qəbiristanlının yanında
Daş qutu nekropolu (Dəmir dövrü) – Saruşen kəndi
Daş qutu nekropolu (Dəmir dövrü) - Saruşen kəndi, dağın ətəyində
Köhnə qəbiristan (Tunc dövrü) - Çanaqçı kəndi
Qala (X əsr) – Maşxmaat kəndi
Aslan qalası (IX əsr) – Anabert kəndi
Qırxlar qalası (orta əsrlər) – Badara kəndi
Qoç və yəhər şəkilli qəbir daşları – Xocalı kəndi




