Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
16.01.2021 / Vandalizmə məruz qalmış abidələr

Füzuli rayonunun vandalizmə məruz qalmış abidələri

Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. 1930-cu ildə Qarabulaq adlanan yaşayış məskəninin əsasında rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. Rayon mərkəzi Qaryagin qəsəbəsi olmaqla, Qozluçay, Köndələnçay, Araz boyu və Füzuli-Ağdam magistral yolunun hər iki ətrafında olan kəndləri əhatə etmişdir. 

1959-cu ildə böyük şairimiz Məhəmməd Füzulinin 400 illik yubileyi münasibətilə rayonun adı dəyişdirilərək, Füzuli rayonu adlandırılmışdır. 
Rayonun ərazisi 1390 kvadratkilometrdir. Tərkibinə iki şəhər və 78 kənd daxildir. Avqust ayının 23-ü 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin rayon ərazisinə hücumu nəticəsində Füzuli şəhəri daxil olmaqla, 58 kənd işğal olunmuşdur. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən 2020-ci ildə Füzuli rayonu işğaldan azad edilmişdir. Rayonun işğaldan azad edilməsi nəticəsində oradakı tarixi, memarlıq abidələrimiz də erməni əsarətindən qurtulmuşdur. 
Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngindir. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babı Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanının ərazisində sənduqə formalı qəbirdaşının  üzərindəki türbəni, XIX əsrə aid olduğu söylənilən Cəlil türbəsini aid etmək olar. 

Qiyasəddin məscidi Qarğabazar kəndində, Şah Abbas karvansarasından yuxarıda, qayanın üstündə yerləşir. Yerli əhali onu Şah Abbas məscidi də adlandırmışdır. Hacı Qiyasəddin Ağa Dizaği 1633-cü ildə Dizaq mahalının Qarğabazar kəndində anadan olmuşdur. Sayılıb seçilən Hacı Qiyasəddin kəndin kəndxudası olmuşdur. Deyilənlərə görə, o, xeyirxahlığı ilə seçilmiş, hicri-qəməri 1095-ci (miladi 1683/84) ildə doğma kəndlərində məscid tikdirmişdir. Həmin məscidin qapı çatı üzərindəki kitabədə yazılmışdır: “Bu məscidi Böyük Allahın mərhəmətli bəndəsi Hacı Qiyasəddin tikdirib. h. t. 1095”. Bu da miladi tarixi ilə 1683-84-cü illərə təsadüf edir. Məscid eyvansızdır. Tamamilə yerli daş materialları ilə bir zaldan ibarət tikilmişdir. Dam örtüyü tağtavan şəkilindədir. Giriş qapısı nəzərə alınmasa, burada ağac materialından istifadə olunmamışdır. Tarixi abidə kimi qorunur.


HACI ƏLƏKBƏR MƏSCİDİ (İNV №4208)

Füzuli şəhərindəki Hacı Ələkbər məscidi memar Kərbalayi Səfixanın ilkin işlərindəndir. Məscidin giriş qapısı üzərindəki daş kitabədə “Memar Kərbalayı Səfixan Qarabağinin işidir” – sözləri yazılmışdır. Kitabədə məscidin tikilmə tarixi hicri tarixi ilə 1307-ci il (1889-1890-cı illər) göstərilir. Hacı Ələkbər xeyriyyəçi olmuş, məscidin inşası üçün vəsait ayıraraq Şuşadan ustalar dəvət etmişdir. Xeyirxah işlərinə hörmət və ehtiram əlaməti olaraq yerli camaat Hacı Ələkbər bəyi öz tikdirdiyi məscidin ibadət zalının sol pəncərələrindən birincisinin önündə dəfn etmişdir.
1993-cü ilin avqustunda Füzuli şəhərinin Ermənistan tərəfindən işğalı zamanı Hacı Ələkbər məscidi yararsız hala düşmüşdür.


MİRƏLİ TÜRBƏSİ

Füzuli rayonunun Aşağı Veysəlli kəndində təpə üzərində ucalan qülləvari türbə xalq arasında "Mirəli türbəsi" adı ilə tanınır. Türbənin iç quruluşu ikiqatlı olub yeraltı sərdabə və yerüstü kameradan ibarətdir.
Üzərində kitabə və ornament olmasa da, inşaat texnikası və həcm-məkan quruluşuna görə onun Elxanilər dövründə - XIII əsrin sonu XIV əsrin əvvəllərində tikildiyi şübhə doğurmur.


Tarixi-dini abidələri 

Məscid (XVII əsr) – Qarğabazar kəndi 
Məscid (XVIII əsr) – Qoçəhmədli kəndi 
Məscid (XIX əsr) – Qacar kəndi
Məscid (XIX əsr) – Dədəli kəndi
Məscid (XIX əsr) – Mərdanlı kəndi
Məscid (1889-cu il) – Horadiz şəhəri
Məscid (XX əsr) – Horadiz şəhəri 
Məscid (XIX əsr) – Böyük Bəhmənli kəndi
Məscid (XIX əsr) – Yuxarı Veysəlli kəndi 
Məscid (XIX əsr) – Aşağı Dilağarda kəndi
Sərdərli məscidi (XIX əsr) – Qoçəhmədli kəndi
Məscid (XIX əsr) - Gecəgözlü kəndi
Məscid (XIX əsr) – Qoçəhmədli kəndi
Məscid (XVIII əsr) – Qaradağlı kəndi
Məscid (XIX əsr) – Qaraxanbəyli kəndi
Məscid (XIX əsr) – Qorqan kəndi
Məscid (XIX əsr) – Bəy Pirəhmədli kəndi


Ziyarətgahları

Məngələn ata piri – Qoca kəndi 
Mirami piri – Dilağarda kəndi
İbrahim türbəsi (XVIII əsr) – Aşağı Aybasanlı kəndi 
Palıd ocağı – Böyük Bəhmənli kəndi 
İmamzadə ocağı (XIX əsr) – Horadiz şəhəri
Yel piri – Pirəhmədli kəndi 
Sarı baba ocağı – Qoçəhmədli kəndi 
İlan ocağı – Sadarlı kəndi 
Pirocaq ocağı – Qacar kəndi 
Cəlil türbəsi (XIX əsr) – Qarğabazar kəndi 
Arqalı türbəsi (XIII əsr) – Aşağı Veysəlli kəndi
Türbə (XIII əsr) – Əhmədalılar kəndi 
Türbə (XVIII əsr) – Qarğabazar kəndi
Türbə (XIX əsr) – Seyidəhmədli kəndi 
Türbə (XIX əsr) – Divanalılar kəndi
Mirmehdi Xəzani türbəsi – Tuğ kəndi 
Seyid Əşrəf ocağı 
İbə (İbn İbrahim) piri – Seyid Əhmədli kəndi  


Tarixi memarlıq abidələri 

Hamam (XIX əsr) – Füzuli şəhəri
Alı körpüsü (XIX əsr) – Saracıq kəndi
Kərəm körpüsü (XIX əsr) – Saracıq kəndi
Sandığabənzər başdaşı (1624-1625-ci illər) – Əhmədalılar kəndi 
Şah Abbas karvansarayı – Qarğabazar kəndi 
Şah Abbas məscidi (1683-1684-cü illər) – Qarğabazar kəndi 
XII əsrə aid qəbiristan – Aşağı Veysəlli kəndi 
Baba Yaqub daş məqbərəsi (1282-1284-cü illər) – Horadiz şəhəri
Oğuz qəbri – İşıqlı kəndi
Karvansara (XVII əsr) – Qarğabazar kəndi