Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
16.04.2018 / Sinaqoq

Avropa və Sefarad yəhudilərinin sinaqoqu

Ünvan: Bakı, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 171

Avropa və Sefarad yəhudilərinin sinaqoqu 2003-cü il martın 9-da açılmışdır. Məbəd bakılı memar Aleksandr Qarberin layihəsi əsasında Qüds memarlıq üslubunda inşa edilmişdir. Sözügedən ibadət yeri son 60-80 ildə Yaxın Şərqdə tikilmiş ilk sinaqoq sayılır. Avropada ən böyük sinaqoqlardan biri hesab edilən bu dini tikili, vaxtilə İkinci Dünya müharibəsindən sonra Sovet hakimiyyətinin Avropa və Sefarad yəhudilərinə dini ayinlərini icra etmələri üçün verdiyi, əvvəllər hərbi anbar kimi istifadə olunan köhnə birmərtəbəli binanın yerində ucaldılmışdır. Həmin illərdə kişilər ibadət etmək üçün soyuq və rütubətli zirzəmiyə enməli olur, qadınlar isə üst mərtəbədə və eyvanda dua edirdilər. Hazırda isə üçmərtəbəli, ağ daşdan tikilmiş yeni sinaqoqda dindarlar üçün yüksək komfortlu şərait yaradılmışdır. Bu məbədin inşasında müxtəlif dinlərə və sosial təbəqələrə mənsub insanlar iştirak etmiş, layihəyə töhfə verən hər bir şəxs və təşkilatın adı sinaqoqun girişində yerləşdirilmiş lövhələrdə əbədiləşdirilmişdir. Tikintinin maliyyələşdirilməsində təkcə xaricdə yaşayan yəhudi icmaları deyil, həmçinin Qafqaz Müsəlmanları İdarəsi və Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası da yaxından iştirak etmişdir ki, bu da ölkəmizdə hökm sürən dini tolerantlığın və konfessiyalararası qarşılıqlı hörmətin bariz nümunəsidir.