Yasamal rayonu “Qasımbəy” məscidi
Ünvan: Bakı şəhəri, Yasamal rayonu H.Aslanov küç. 23.
Qasımbəy məscidi 1892-1896-cı illərdə tikilib. Memarı Məşədi Mirzə Qafar İsmayılov olan məscidin sifarişçisi Qasım bəydir. Qasımbəy məscidi sovet dövründə ibadətə bağlanıb. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. 1992-ci ildən fəaliyyətini bərpa edib. Məsciddə dövlət qeydiyyatından keçmiş "Qasımbəy" Cümə məscidi dini icması fəaliyyət göstərir. Məscidin ümumi sahəsi 330 m², iç sahəsi 250 kv. metrdir. Məscidin 31 metr hündürlüyü olan bir minarəsi var. Minarənin aşağı hissəsi düzbucaqlıdır və eni 2,5 metrdir. Minarənin bu hissəsinin hündürlüyü 6 metrdir. Minarə yonulmuş daşlarla tikilib, şərəfənin aşağı hissəsi üçqat stalaktitlərlə işlənib. Ondan aşağı hissədə isə ərəb əlifbası ilə Quran ayəsi yazılıb.