Quba şəhəri “Ərdəbil” məscidi
Ünvan: Quba şəhəri, Fətəlixan küç. 113
XIX əsrin əvvəllərində tikilmiş məscidin divarları bişmiş qırmızı kərpicdən ibarətdir. Məscidin içəridən sahəsi 13X15 m2-dir. Tavanı düzbucaqlı formadadır və taxta ilə işlənmişdir. Tavan dörd sütun üzərində dayanmışdır. Mehrabın hündürlüyü 2,5 metrdir. Minbəri doqquzpilləlidir və şam ağacından düzəldilmişdir. Məscidin qadınlara aid hissəsi ikinci mərtəbədə yerləşib. Sahəsi 3x15 metrdir. Yerdən məscidin günbəzinə qədər hündürlüyü 12 metrdir. “Ərdəbil” məscidinin yerində vaxtilə qara kərpicdən tikilmiş başqa bir məscid olmuşdur. Sonradan Nadir şahın yürüşü dövründə burada məscid və karvansara tikilmişdir. Burada daha çox gəlmələr ibadət etmişlər. Elə o vaxtlar təxminən 40 ərdəbilli ailə buraya köçürülmüşdür. Şəhərdə Ərdəbil məhəlləsinin varlığı da bunu sübut edir. Bu məscid yerli möminlərin hesabına tikilmişdir. Sovetlər dövründə yataqxana, anbar, arxiv kimi istifadə olunmuşdur. 1966-cı ildə ehtiyatsızlıqdan yanmışdır. 1988-ci ilə qədər bərbad vəziyyətdə qalmışdır. 1988-ci ildə məscid dövlətin himayəsinə götürülmüş, damı örtüyü dəyişdirilmiş və pəncərələri qoyulmuşdur. Bundan sonra, 1989-cu ildə məscid istifadəyə verilmişdir. 1990-cı ildən məsciddə təmir-abadlıq işləri aparılır, həyəti hasarlanır, su-kanalizasiya sistemi yenilənir, işıq və qazla təmin olunur. 2016-cı ilin yayında yenidən müəyyən təmir işləri görülmüşdür. Quba şəhər “Ərdəbil” məscidi 2024-cü ildə əsaslı təmir olunmuş, dam örtüyü dəyişdirilmişdir.