Maştağa qəsəbəsi "Cümə" məscidi
Ünvan: Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi
Maştağa "Cümə" məscidi 1708-ci ildə inşa edilmişdir. İbadət zalının səhəsi 340 kvadratmetrdir. Diametri 3,5 metr olan səkkiz pəncərəli günbəz və tavan daxildən bir-biri ilə tağlarla əlaqələnmiş 20 daş sütun üzərində dayanır. Əvvəlki minarə sovetlər zamanı sökülmüşdür. Yeni tikilən minarənin hündürlüyü 46 metrdir. Məscidin fasad hissəsindəki eyvanda daş kitabələr saxlanılır.
Maştağada qədim tarixə malik olan onlarla məscid, o cümlədən Cümə məscidi dəfələrlə dağıntılara məruz qalmış və yenidən bərpa edilmişdir. Bu baxımdan Cümə məscidinin bugünkü görünüşü çoxəsrlik tarixini tam əks etdirmir. Lakin daş kitabələr, sənədlər, tarixi faktlar bu yerlərdə daha qədimlərdə məscid olduğunu təsdiqləyir.
Maştağa ziyalılarının verdiyi məlumata görə, ötən əsrin 30-cu illərinin sonuna qədər kənddə qırxa yaxın məscid var imiş. Bunların arasında hətta Səfəvi dövründə tikilmiş məscidlər də olmuşdur. 1414-cü ilə aid olan “Ərtuğay məscidi”nin daş kitabəsi hazırda Azərbaycan Tarixi Muzeyində saxlanır.