Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
05.04.2020 / Məscid

İçərişəhər "Cümə" məscidi

Ünvan: Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, M.Mənsur küçəsi, 42

İçərişəhərdə yerləşən məscid hicri 780-ci ildə (1378-1379) qədim atəşgah məbədinin yerində ucaldılmışdır. Məscid qalanın içərisində yerləşir. 1899-cu ildə uçurularaq yerində yeni bina tikildiyindən onun barəsində fototəsvirlər əsasında mühakimə yürütmək olar. Bir qədər mürəkkəb biçimli planı "Cümə" məscidinin bir neçə mərhələdə inşa edildiyini və ətrafı yaşayış məhəllələri ilə əhatə olunmuş məhdud ərazidə genişləndiyini göstərir.
Məscid minarəsinin bünövrəsində qoyulmuş əhəngdaşının üzərinə dördsətirli qabarıq kitabə həkk olunmuşdur. Kitabə kufi xətti ilə yazılmışdır. Burada bəzi hərflərin sonu yuxarı qalxır və palmatta ilə tamamlanır. Başqa hərflərə isə nəbati ornamentlər əlavə edilmişdir. XII əsrə aid edilən həmin kitabə qismən zədələnmişdir.

İçərişəhərdə qədimdən mövcud olan məscid 1024-cü (1615) ildə təmir edilmişdir. XIX əsrədək saxlanmış "Cümə" məscidi, bir qayda olaraq, düzbucaqlı formaya malik olan yerli məscidlərdən fərqlənərək, orijinal formaya və mürəkkəb plana malikdir. Cənubi Azərbaycanın dini abidələrinə xas olan cəhətlər burada özünü göstərir. Xüsusilə, məscidin fasad hissəsinin konstruktiv həlli daha böyük maraq doğurur. Belə ki, burada mərkəzi sahə çadıra oxşar günbəzlə örtülmüş, fasadı isə minalanmış yastı daşlarla üzlənmişdir. Məscidin yaxınlığında bugünədək gəlib çıxmış minarə ucaldılmışdır. Bu minarə nəinki XIV əsrin görkəmli abidəsi kimi böyük maraq doğurur, habelə Sınıq qala minarəsindən fərqli olaraq, XI əsrdən XIV əsrədək Şirvan memarlığında baş verən dəyişiklikləri aşkar etmək üçün qiymətli material rolu oynayır. 

Minarənin arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş bünövrə daşındakı kitabədə Elxani Sultan Məhəmməd Olcaytunun yarlığının mətni həkk olunmuşdur.

XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakının varlı adamlarından biri olan Hacı Şıxəli Dadaşov xeyriyyə məqsədilə qədim abidənin yerində yeni məscid ucaltmışdır.

İçərişəhərin qədim tarixi memarlıq abidələrindən olan "Cümə" məscidi 2008-ci ildə dövlət hesabına əsaslı təmir və bərpa edilərək, dindarların istifadəsinə verilmişdir. Təcrübəli tikinti mütəxəssisləri, memarlar və rəssamların gərgin əməyi sayəsində məscid tam bərpa olunmuş, burada müasir istilik və işıqlandırma sistemləri quraşdırılmışdır. Məscidin divarlarında nəqqaşlar əl ilə gözəl ornamentlər işləmiş, müqəddəs Qurani-Kərimdən surələr yazmışlar.