Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
12.03.2021 / Alban abidələri

Qırmızı daş monastırı (XII–XIII əsrlər), Çapar kəndi

Qırmızı daş monastırı Kəlbəcər rayonunun Çapar kəndi ərazisində yerləşən alban tarixi-memarlıq abidəsidir. Müəlliflər bu kəndi Çaparşen adlandırır. Müəllif yazır ki, Həsənriz kəndi yaxınlığında yerləşən bu kəndin adı Xudavəng monastırındakı kitabələrdə çəkilir. Verilən məlumata görə, kəndin ərazisindəki qədim kilsə kompleksinin qalılqarı Çaparşendən Xudavəng monastırına, Yanşaq kəndinə qədər uzanırdı. Qırmızı daş monastır kompleksi Çapar kəndindən 8 km aralıda yerləşir. Monastır kompleksindən aşkar edilmiş epiqrafik yazılar və ərazidə olan xaçdaşlar əsasən XII–XIII əsrlərə aiddir. Kompleks böyük və kiçik kilsə, həmçinin narteks və sovmədən ibarətdir. Böyük kilsə kompleksin mərkəzində yerləşir. Kiçik kilsə və sovmə isə böyük kilsə binasından şimalda yerləşir. Böyük kilsə və sovmə arasında yerləşən boşluqda daha bir kiçik tikilinin qalıqları vardır. Kilsə və sovmə düzbucaqlı plana malik sadə birnefli bazilika formasına malikdir. Böyük kilsəyə qərbdən birləşən narteks planda kvadrat formaya malik, xaçvari tağtavanla tamamlanır.

Kilsə və sovmə eyni memarlıq üslubunda tikilmişdir. Onlar bir-birindən yalnız ibadət zalının ölçüsü və qapı yerlərinə görə fərqlənirlər. Kiçik kilsə və sovmə ümumi həyətə malikdir. Narteksin iki girişi var, onlardan biri qərbdə, digəri isə şimalda yerləşir. Narteks, həm də monastır rahiblərinin dəfn edildiyi məzarlıq olmuşdur. Monastırın bütün tikililərinin inşasında əksər alban kilsələrinin inşaat texnikasına uyğun olaraq yonulmamış çaydaşlarından istifadə edilmişdir. Yalnız pəncərə və qapıların çərçivələrində, künclərdə və digər daşıyıcı hissələrdə yonulmuş daşlardan istifadə edilmişdir.