Qarakeçdi sövməsi (X əsr), Qarakeçdi kəndi
Qarakeçdi kənd inzibati ərazi dairəsinə aid edilən Qatos kəndində Qafqaz Albaniyası dövrünə aid yerli bazalt daşlardan tikilmiş iki məbəd mövcud olmuşdur. Qatoş kəndinin keçmiş adı Qarakeşiş olmuşdur. Sovet dövründə Leninkənd adlandırılan kənd 1999-cu ildən yenidən Qarakeçdi adlandırılmışdır. Qarakeçdi kəndi Alxaslı, Minkənd, Kamallı, Bozlu kəndlərinin əhatəsində yerləşir. Məbədlərdən biri-Qarakeçdi sövməsi təxminən X əsrə aid edilir. Yarıdağılmış vəziyyətdə olan abidənin cənub divarında bir pəncərə vardır.
2003-cü ildə bu abidənin üzərindən ermənilər bir yazılı daş və iki xaçdaş çıxararaq Ermənistana aparmışlar. Ermənistan hökuməti 2007-ci ildən qanunsuz olaraq buradakı alban abidəsinə kəndin erməni kilsəsi statusu vermişdir.
Kəndin ərazisində Alban mədəniyyətinin yadigarı olan daha bir qədim məbəd mövcud olmuşdur. Məbədin uzunluğu 45, eni isə 10 metr olmaqla yerin üst qatına çıxan hissəsində qədim daş kitabə olmuşdur. Kitabənin yanı qoç heykəlləri ilə bəzədilmişdir.