Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
02.05.2022 / Alban abidələri

Müqəddəs Yelisey monastırı (V əsr), Suqovuşan, Təpəkənd

Müqəddəs Yelisey monastırı Tərtər çayının sahilində Suqovuşan və Təpəkənd kəndləri arasında yerləşir. Bu tarixi-memarlıq kompleksi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır.

Qafqaz Albaniyasında xristianlığın yayılmasında böyük xidmətləri olmuş alban müqəddəsi Yeliseyin xatirəsinə Azərbaycanın Şəki, Qəbələ, Xocavənd, Tərtər kimi bölgələrində bir çox məbədlər tikilmişdir. Bunlardan dövrümüzədək gəlib çatanlardan biri də, Tərtər rayonu ərazisindəki Müqəddəs Yelisey monastır kompleksidir.

Müqəddəs Yelisey monastır kompleksi mürəkkəb relyefə malik dağlıq ərazidə, dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, əlçatmaz bir mövqedə inşa edilmişdir. Murov dağ silsiləsinin ətəklərindən birində, hündür bir dağın zirvəsində ucaldılan monastırın ətrafı sıldırım qayalar və sıx meşəliklə əhatə olunmuşdur. Monastır kompleksi üç tərəfdən möhkəm qala divarları ilə əhatə olunmuşdur. Kompleksin yerləşdiyi sıldırım qayalıqlarla əhatələnmiş yüksək təpəyə yalnız cənub tərəfdən dar cığırlar ilə qalxmaq mümkündür.

Müqəddəs Yeliseyin adını daşıyan monastır hələ xristianlığın yayılmasından öncə qədim ibadət yeri olmuşdur. Mənbələrdən məlum olur ki, bu qədim tikili öncələr Ners Mihra məskəni adlanırdı. Alban müəllifi Musa Kalankatuklunun “Alban tarixi” əsərindən aydın olur ki, məbəd öncə Ners-Mihra qardaşlığına mənsub olmuşdur. Görünür, əvvəllər burada müqəddəs Ners-Mihra qardaşlığının kilsəsi tikilmiş, kilsə onların adını daşımışdır. Müqəddəs Yeliseyin nəşinin qalıqlarının bir hissəsinin Tərtər rayonunun Talış kəndindəki Urəkvəng monastırından buraya gətirilməsindən sonra yüksək ərazidə III Vaçaqan Müqəddəs Yeliseyin şərəfinə monastır inşa etdirmişdir.

Musa Kalankatuklunun məlumatlarından aydın olur ki, bu monastır erkən alban xristian tikililərindən biri olmuşdur. Kalankatuklu yazır: “Albaniyada xristianlığın əsasını qoymuş və Zərqun dərəsində şəhid edilmiş Müqəddəs Yeliseyin sümükləri və kəlləsi ilk vaxtlar Urekan adlı yerə (Ürəkvəng — M.P.) aparılsa da, daha sonra sümüklər oradan müqəddəs Nersmehr (indi onun adı Cırvişdikdir) kilsəsinə (Müqəddəs Yelisey monastırına — M.P. ) aparılmışdır”. Çox illər keçəndən sonra alban çarı Mömin III Vaçaqan şəhidin sümükləri tapılan xəndəyin üstündə bir rukn (ibadət evi — M.P.) tikir (Kalankatuklu,1861, I k., 7 f.). Bu səbəbdən öncə Ners Mihra, Cırvişdik adlanan monastır daha sonra Müqəddəs Yelisey monastırı adlanmağa başladı.

V əsrdə Albaniya hökmdarı olmuş Mömin III Vaçaqan kilsələrin tikintisinə böyük diqqət yetirirdi. Qafqaz Albaniyasının ən böyük kilsə və monastırları onun dövründə tikilmişdir. Müqəddəs Yelisey monastır kompleksi bu tikililər arasında xüsusi yer tutur. XIX əsrdə abidədə ilkin tədqiqat işləri aparmış tədqiqatçı yazır ki, tağlı zal formasına malik olan kilsə “...çox qədim dövrə aiddir, onun memarlığı sadə, hündürlüyü qeyri-adi yüksəkliyə malikdir. Barxudaryanın verdiyi məlumata görə, monastırdakı sövmələrdən birində Alban hökmdarı mömin Vaçaqanın (487-510) qəbri olmuşdur. Monastırın ərazisində həm qədimliyi, həm də memari baxımdan olduqca zəngin xaçdaş olduğunu və üzərində olan yazıdan daşın çar III Vaçaqana aid olduğu qeyd edilir.

Hələ sovet dövündə, 1970-ci ildə Müqəddəs Yelisey monastırında Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşlarından ibarət qrup Albaniya hökmdarı mömin Vaçaqanın qəbrini tapmaq məqsədilə tədqiqatlar aparmışlar. Ekspedisiya müddətində monastır ərazisində arxeoloji kəşfiyyat işləri aparmaq, abidələrin üzərində olan yazıları qeydə almaq, xüsusən də Albaniya hökmdarı mömin Vaçaqanın qəbrini tapmaq nəzərdə tutulmuşdu. Ekspedisiyaya rəhbərlik edən arxeoloq Rəşid Göyüşov yazır: “...Bu məbəd Albaniyada xristianlığın ilk təbliğatçısı Yeliseyin şərəfinə tikilmişdir, həmçinin alban çarı mömin Vaçaqan burada dəfn edilmişdir”. Aparılan arxeoloji tədqiqatlar nəticəsində bu monastırın XI əsrdə inşa edildiyi, lakin tikilinin daha qədim abidə olub IX-X əsrlərdə dağılmış bir məbədin üzərində tikildiyi məlum olmuşdur.

Monastır ərazisindəki kitabələrdən də burada daha qədim tikililərin mövcud olması məlum olur. Baş kilsənin divarında həkk olunmuş yazıda deyilir: «Mən, arxidyakon Serob bu müqəddəs guşədə əvvəlki özül üzərində müqəddəs apostolun kilsəsini tikdirdim». Kilsənin bünövrəsindəki qədim tikilinin üzə çıxarılması üçün baş kilsənin Şərq divarı yanında arxeoloji qazıntılar aparılmışdır. Qazıntılar nəticəsində xeyli qədim tikinti qalıqları və məişət əşyaları aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, Müqəddəs Yelisey məbədi 8,7 metr uzunluğunda üçnefli bazilikadır. Məbədin şərq tərəfi nalşəkilli səcdəgah absidası ilə başa çatır. Bazilikanın yan neflərinin sonlarında keşiş cübbələrinin saxlandığı yerlər vardır.

Tarixi məlumatlar, monastırın V əsrdə tikildiyini söyləməyə əsas verir. Arxeoloji tədqiqatlar məbədin IX-X əsrlərdə dağıdılmış qədim tikilinin yerində XI əsrdə yeni monastır kompleksi inşa olunduğu təsdiq etsə də, monastır kompleksində ən erkən epiqrafik yazı XII əsrə aiddir. Kilsənin timpanında yerləşdirilmiş kitabədən məlum olur ki, tikili 1264-cü cü ildə inşa edilmişdir. Monastır kompleksinin əsas kilsə binası köhnə kilsənin  daşlarının istifadə edilməsi ilə yenidən inşa olunmuşdur(Мамедова, s.106). Kitabələrdən məlum olur ki, XII-XIII əsrlər Xaçın knyazlığı dövründə burada geniş inşaat işləri aparılmış, böyük baş kilsə binası, altı kiçik kilsə, bir neçə yaşayış və təsərrüfat binaları tikilmişdir. Monastır kompleksinə kafedral kilsə, yeddi sovmə, yaşayış və təsərrüfat binaları, güclü müdafiə divarları, məzarlıq və digər tikililər daxildir. Kilsənin hər iki tərəfində ondan eyni məsafə aralığında sövmələr yerləşir: cənub tərəfdə onların sayı üç, şimal tərəfdə isə dörd ədəddir. XI-XIV əsrlərdə əsasən tağtavanlı zal kilsələr və bazilika tipli dini tikililər inşa edilirdi. Bu cür tikililər əsasən kənd kilsələri, böyük monastır komplekslərinə daxil olan kiçik məbədlər, sövmələr və nartekslər idi. Yelisey monastırına daxil olan sövmələr bu tip tikililərdəndir.

Düzbucaqlı altar apsidaları Qafqaz Albaniyası memarlığı üçün geniş yayılmış xarakterik xüsusiyyətlərdən biridir. Müqəddəs Yelisey monastırı ilə yanaşı bu cür altarlara Ktişvəng, Xudavəng, Yeddi kilsə, Xatırvəng və digər komplekslərdə də rast gəlmək mümkündür. Qeyd etmək lazımdır ki, Tərtər rayonundakı Müqəddəs Yelisey monastırı Şəki rayonunun Kiş kəndindəki Yelisey məbədi, Orta Zəyzid kəndindəki birnefli alban məbədi və Oğuz rayonundakı Yelisey məbədi plan quruluşları ilə, demək olar ki, eyniyyət təşkil edir.Sövmələrdən ən böyüyü kilsənin cənub tərəfində yerləşir. Düzbucaqlı formaya malik olan tikilinin daxili həcmi pilyastrlar vasitəsiylə iki hissəyə ayrılmışdır (Мамедова, 2004, s.106).

Planda kvadrat formaya malik olan (3.65x3.70 m) birinci hissə yarımdairəvi tağtavanla örtülmüşdür. İkinci hissə yer səviyyəsindən 40 sm yuxarı qaldırılmış və bərabər ölçüyə malik tağtavan örtülü və yarımdairəvi formalı iki apsidaya malikdir.

Apsidaların hər biri şərq divarında yerləşən kiçik pəncərə ilə işıqlandırılır. Cənub və şimal divarları isə iki nişə malikdir. Şimal tərəfdə, kilsədən ən uzaqda yerləşən sövmə də anoloji memarlıq həllinə malikdir. Ölçülərinə görə birinci sövmədən kiçik olan (2x72x4.60 m) bu tikilinin apsidalarında nişlər yoxdur. Ümumilikdə sövmələrin hamısının inşasında kobud yonulmuş daşlardan istifadə edilmişdir (Мамедова, 2004, s.106). Kilsə planda tərəfləri 4x8 metrə bərabər düzbucaqlı formaya malikdir (Мамедова, 2004, s.106). Kilsənin altar yerləşən şərq tərəfi yer səviyyəsindən 60 sm yuxarı qaldırılmışdır və daxildən yarımdairəvi formaya malikdir (Мамедова, 2004, s.106). Hazırda onun əksər alban kilsələrinin inşaat texnikasına uyğun olaraq kobud daşdan tikilmiş divarlarının hörgüsündə arxaik memarlıq detallarına malik daha qədim kvadrat formalı daşları da görmək mümkündür. 10x5.8 metr ölçülərə malik olan əsas kilsə binasının iki giriş qapısı vardır: qapılar cənub və qərb tərəfdə yerləşir.

Monastırın başkilsəsi olan Müqəddəs Yelisey kilsəsinin planlaşdırma həlli, zalla eyni enə malik olan altar apsidası, dəstək tağlarının olmaması və iki giriş qapısı ilə erkən orta əsrlərə aid Qafqaz Albaniyası bazilikalarını, xüsusilə Gavurqala və Müngəçevir kilsələrini xatırladır (Мамедова, 2004, s.106). Müqəddəs Yelisey kilsəsinin erkən orta əsrlərə aid daha qədim kilsənin təməlləri üzərində inşa edildiyi və onun memarlıq xüsusiyyətlərini təkrarladığına şübhə qalmır (Мамедова, 2004, s.106). Cilalanmış daşdan tikilən baş kilsənin iki mailli damının üstündə dörd sütunlu ratonda ucalır. Kilsə geniş ibadət zalından və silindrik tağbəndlərlə tamamlanan sütunları olan kvadrat formalı otaqdan ibarətdir. Planda kvadrat formaya malik zaldan ibarət olan tikilinin tağtavanı iki pilon vasitəsiylə saxlanılır. Monastır kompleksində dəfələrlə yenidənqurma və inşaat işləri aparılmışdır. Əsrlər boyunca monastırın başkilsəsi müxtəlif inşaat və yenidənqurma işlərinə məruz qalmışdır. Xaçın knyazlığı dövründə burada geniş inşaat işləri aparılmış, baş kilsə binası və sövmələr, yaşayış və təsərrüfat binaları tikilmişdir. Bu alban kilsəsi geniş ibadət zalından və silindrik tağbəndlərlə tamamlanan sütunları olan kvadrat formalı otaqdan ibarətdir. Sövmələrin hamısının inşasında yerli yonulmuş daşlardan istifadə edilmişdir. Kompleksin iki apsidalı sövmələri nə Qafqaz Albaniyası memarlığında, nə də qonşu ölkələrin memarlığında anologiyaya malik deyil (Мамедова, 2004, s.107).

Sövmələr bir neçə dəfə bərpa olunmuş və onlardan sərdabə və ya türbə kimi istifadə edilmişdir. Kilsənin içində və ətrafında onlarla qədim məzar vardır. Sərdabələrdən birində III Vaçaqanın, ikincisində Çiləbürd məliyi knyaz Atamın, digərində  isə yepiskop Məliksətin məzarları var. Müqəddəs Yelisey monastırı istər Qafqaz Albaniyası, istərsə də sonrakı dövrlərdə alban köklü Qarabağ məlikliklərinin siyasi və mədəni həyatında böyük rol oynayıb. Monastır kompleksinin içində və ətrafında çoxlu sayda tarixi abidələr, qədim məzar daşları, o cümlədən müxtəlif dövrlərə aid xaçdaşlar, XIII əsr və daha sonrakı dövrlərə aid məzarlar vardır. Burada həmçinin Çiləbürd mahalının görkəmli məliyi Məlik Adəmin qəbri yerləşir. Ermənilər 30 illik işğal dövründə bu abidəni də siyasi məqsədləri üçün istifadə etməyə cəhd göstərmişlər. Əsas hədəf isə Qafqaz Albaniyası  tarixinin təhrif edilməsi olub. Monastırda vaxtilə mövcud olmuş alban çarı III Vaçaqanın qəbri ermənilər tərəfindən dağıdılmışdır. Müqəddəs Yelisey monastırını erməniləşdirməyə səy göstərən ermənilər işğal dövründə məbədin müxtəlif yerlərində qriqoryan xaçlarının təfsirlərini yerləşdirmişlər. Lakin Vətən torpağını işğaldan azad etmiş Azərbaycan dövləti bir çox tarixi-dini tikililər kimi bu monastırı da işğaldan azad etmişdir.