Müqəddəs Tanrı anası kilsəsi (XII əsr), Hünərli kəndi
Müqəddəs Tanrı anası kilsəsi Xocavənd rayonunun Hünərli kəndində yerləşən alban tarixi-memarlıq abidəsidir. Hünərli kəndinin keçmiş adı XIX əsr rus mənbələrində Zakuri, Zakurli olaraq keçirdi. 1992-ci ildən rəsmi olaraq Zakirli adlandırılsa da 2020-ci il 7 noyabr tarixində Azərbaycan Silahlı qüvvələri kəndi işğaldan böyük hünər göstərərk azad etdikləri üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 noyabr 2020-ci il tarixli sərəncamı ilə kənd Hünərli adlandırılmışdır.
Hünərli kəndindəki Müqəddəs Tanrı anası kilsəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Vaxtilə burada mövcud olmuş qədim monastır kompleksindən dövrümüzə yalnız əsas kilsə binası çatmışdır. Kilsə Hünərli kəndinin mərkəzində, meyvə bağlarının arasında yerləşir.
Müqəddəs Tanrı anası kilsəsinin divarlarında vaxtilə mövcud olmuş kitabələr bu monastırın artıq XII əsrdən fəaliyyət göstərdiyini söyləməyə əsas verir. Kilsə ərazisindəki ən qədim tarixə malik xaçdaşlardan biri üzərindəki yazı “1198-ci ilə” aidddir. Kilsə timpanındakı digər kitabədən tikilinin 1682-ci ildə köhnə kilsənin əsasında bərpa edildiyi məlum olur. Kilsənin portalının qabarıq dekorasiyası onun daha sonrakı dövrə aid olduğunu göstərir. Yarımdairəvi timpann mərkəzində kiçik xaçdaş yerləşdirilmiş, yanlarda isə kilsənin bərpası haqda məlumat verən kitabələr olmuşdur. Kitabədə qeyd edilir ki, 1682-ci ildə köhnə kilsə bərpa edilmişdir.
Kilsə xaricdən düzbucaqlı, daxildən isə günbəzli bazilika formasındadır. Kilsə divarları daxildən əhəng məhlulu ilə suvanmışdır. Tağlar, nişlər və altar karnizlərinin inşasında yaxşı yonulmuş mavi tonlu daşlar, digər divar hörgüsündə isə kobud yonulmuş yerli daşlardan istifadə edilmişdir. Divarların qalınlığı bir metrdən artıqdır. Altar yanlarında yerləşən köməkçi otaqlar, altar və onun iki tərəfindən dama qalxan pilləkənlərin inşaat detalları Kitşvəng monastırının baş kilsəsinin analoji hissələrinin memarlıq detalları ilə oxşarlıq təşkil edir. Kilsənin sol tərəfdəki köməkçi otağının tavanında qədim dövrə aid olduğu ehtimal edilən ilan qabartması formasında bədii ornament mövcuddur. Kilsənin xarici görünüşü onun vaxtilə günbəzlə tamamlandığını deməyə imkan verir. XIX əsrdə Müqəddəs Tanrı anası kilsəsi haqda məlumatda kilsənin vaxtilə günbəzli olduğundan bəhs edilir: “Tağlardan yuxarıda günbəz yerləşirdi, dövrümüzdə həmin günbəz dağılmışdır. Ola bilsin ki, burada əvvəllər monastırın başkilsəsi olmuş, sonradan o, adi kilsəyə çevrilmişdir”. Belə ki, kilsənin ibadət zalı zal-günbəz kilsələri üçün xarakterik olan həcmdədir, həmçinin günbəzi saxlamaq üçün inşa edilən günbəzaltı kvadrata malikdir. Məlumdur ki, Qafqaz Albaniyası memarlığında günbəz memarlığı erkən orta əsrlərdən başlayaraq kilsə tikintisində mühüm rol oynamışdır. Günbəz memarlığının inkişafı və günbəzin səma sferası kimi ideya-məzmun təfsirinin yayılmasından sonra erkən orta əsrlərdən zal kompozisiyalı kilsələrə də günbəzlər
əlavə edilməyə başlamışdı. Qafqaz Albaniyasında günbəzli zal kilsələrin meydana gəlməsi VII əsrə aid edilir. V-VII əsrlərdə Qafqaz Albaniyasının memarlığında öz təsdiqini tapmış günbəz memarlığı, IX-X əsrlərdə artıq mövcud olan memarlıq tiplərinin çoxsaylı formalarının yaradılması ilə inkişaf etdirildi.
1992-2020-ci illər erməni işğalı dövründə ermənilər qədim Azərbaycan torpaqlarında özləri üçün saxta tarix yaratmaga çalışaraq bu qədim alban kilsəsini də erməniləşdirilməyə çalışıblar. Kilsə ciddi dağıntılara məruz qalmış, divarlarına saxta yazılar yazılmışdır. İşğalçılar bu illər ərzində Qarabağ və Şərqi Zəngəzur torpaqlarındakı bütün maddi-mədəni, dini abidələr kimi bu qədim alban məbədini də vəhşicəsinə dağıtmış, üzərində yazılar yazaraq təhqir etmişdilər. Azərbaycan Ordusunun 44 günlük zəfər yürüşü Qarabağın və Zəngəzur torpaqlarını azadlığa qovuşdurmaqla yanaşı, Azərbaycanın tarixi, mədəni irsini də erməni vandallarından xilas etdi.
Prezident İlham Əliyev 2021-ci il martın 15-də Füzuli və Xocavənd rayonlarına səfəri zamanı Xocavənd rayonunun Hünərli kəndindəki alban məbədinin acınacaqlı vəziyyətinin, bu qədim alban məbədinin divarlarında yazılar yazılaraq ermənilər tərəfindən necə təhqir edildiyinin şahidi olmuş və bununla bağlı demişdir: “Bu kilsənin – alban məbədinin bu vəziyyətdə olması bir daha erməni saxtakarlığını göstərir. Erməni kilsəsi olsaydı, bunu təmir etdirərdilər. Sonra da bəziləri bizə irad tuturlar ki, biz xristian abidələrinə yaxşı baxmırıq. Bunu ermənilər bu günə salıblar. Uçurublar, dağıdıblar, qapını da yandırıblar. Azərbaycanın müxtəlif yerlərində xristian abidələri necə qorunur!? Bu qədim Alban kilsəsini görərlər bir müddətdən sonra biz necə təmir etdirəcəyik. Azərbaycan ərazisində bütün dinlərin məbədləri dövlət tərəfindən qorunur, dövlət tərəfindən tikilir və bütün dünya bunu bilir. Ermənilərin vəhşiliyini dünya bilməlidir, görməlidir bizim məscidlərimiz nə gündədir. Azad edilmiş torpaqlarda 67 məscid var idi, cəmi ikisi qalıb, yarıdağılmış. Özü də onlardan müxtəlif məqsədlər üçün istifadə ediblər. Alban kilsəsini də bu günə qoyublar”.
Bu gün azad Qarabağ və Zəngəzur torpaqlarında böyük tarixi, mədəni, dini abidələrin bərpa edilməsi istiqamətində geniş quruculuq işləri aparılır. 2021-ci il noyabr ayında Hünərli kəndindəki bu qədim alban kilsəsini Azərbaycan xalqının tolerantlığı sayəsində alban xristainlıq ənənələrini bu günədək qoruyub saxlamış udilər ziyarət etmişlər. Alban udilər burada dini ayin icra edərək, bu torpaqların azad edilməsi uğrunda canlarından keçərək şəhid olmuş Azərbaycan əsgərlərinin ruhuna şamlar yandırıb, dualar oxumuşlar.





