Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.04.2021 / Alban abidələri

Müqəddəs Stepanos kilsəsi (XII-XIII əsrlər), Bazarkənd

Bazarkənd ərazisində daha bir alban tarixi-memarlıq abidəsi yerləşir. XII-XIII əsrlərə aid abidə birnefli bazilikadır. Müqəddəs Stepanos kilsəsi Qafqaz Albaniyası dövrünə aid qədim yaşayış məntəqəsinin xarabalıqlarının olduğu Vaçar ərazisindəki çoxsaylı abidələrdən biridir. Yaşayış məntəqəsinin əsasının nə vaxt qoyulduğu dəqiq bilinməsə də, XII-XIII əsrlər, xüsusilə də Həsən Cəlalın hakimiyyəti dövrü bu qədim yaşayış məntəqəsinin çiçəklənmə dövrüdür. Buradan aşkar edilmiş Həsən Cəlal sülaləsinə məxsus kitabədə deyilir: “Mən, Həsən, Vaxtanq və Xorişənin oğlu, Xaçın hakimi 1229-cu ildə bu müqəddəs kilsəni inşa etdim”. Ərazidə Həsən Cəlal hakimiyyəti dövrünə aid zərif, zəngin bədii ornamentli xaçdaşlar olmuşdur. Bu qədim alban yaşayış məntəqəsində Müqəddəs Stepanos kilsəsi ilə yanaşı daha bir alban tarixi memarlıq abidəsi,Mamkanxatun monastırı da yerləşir. Relyefin qeyri-hamar olması səbəbiylə Müqəddəs Stepanos kilsəsinin giriş qapısı cənub tərəfdəndir. Kilsənin tağtavanı tağlı kəmərlə möhkəmləndirilmiş, altarı döşəmə səviyyəsindən yüksəkdə, yarımdairəvi dərinlikdə yerləşdirilmişdir. Altarın iki tərəfində kvadrat formalı nişlər yaradılmışdır. Tikilinin ikiqatlı binasi yaxşı yonulmuş daşlarla üzlənmişdir.