Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
22.04.2022 / Alban abidələri

Müqəddəs Stefan kilsəsi (XIII əsr), Tuğ kəndi

Müqəddəs Stefan kilsəsi Tuğ kəndinin cənub­qərb tərəfindəki qədim qəbirstanlıq ərazisində yerləşir. Kilsə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. Müqəddəs Stefan kilsəsinin inşa tarixi dəqiq bilinməsə də, kilsə ərazisindən aşkar ediilmiş kitabədən məlum olur ki, XII əsrdə ibadətgah qədim tikilinin təməli üzərində inşa edilmişdir.

Timpandakı kitabədən məlum olur ki, kilsə daha əvvəl də mövcud olub və Məlik Yeqan oğlu ilə birlikdə onun təmirini həyata keçiriblər. Kilsə bir çox alban məbədləri kimi qədim bütpərəst inanc yeri üzərində inşa olunmuşdur. Burada həmçinin orta əsrlərdə monastır kompleksinin olması da ehtimal edilir. Qarabağın alban abidələrinin bir çoxu kimi kilsə də daha qədim məbədin təməli üzərində inşa edilib. Müəyyən tarixi dövrlərdə XIV-XV əsrlərdə, daha sonra XVI-XVIII  əsrlərdə kilsə yenidən bərpa edilmişdir. Təmir zamanı qədim tikili qalıqları və inşaat materiallarından istifadə olunmuşdur.

Burada qədim divarların qalıqları müşahidə edilirdi. Kilsənin divarlarına hörülmüş müxtəlif ornament, motivlər, yazıların olduğu xaçdaşları və digər qədim tikili qalıqları mövcuddur. Kilsənin bünövrəsindəki hörgüdə alban memarlığı üçün səciyyəvi olan ağ rəngli tuf daşlarından istifadə olunmuşdur.

Kilsə, planda düzbucaqlı zal formasına malik olmaqla, tağtavan (12x7.8 m), şərq tərəfində isə altar və köməkçi otaqlara malik tikilidir. Kilsənin divarları çapılmış və kobud yonulmuş daşlardan tikilmişdir. Fasad üzləmələrində kobud yonulmuş daşlardan, tağ, həmçinin pəncərə və qapı çərçivələrinin hörgüsündə isə yaxşı yonulmuş daşlardan istifadə edilmişdir. Abidə ön tərəfdən bir, arxa tərəfdən isə üç kiçik pəncərəyə malikdir. İçəri məhz bu pəncərələr hesabına işıqlanır. Kilsənin mərkəzində yerləşən qeyri-adi formalı pilon onun həcmini iki hissəyə bölür: kiçik hissədə qədim məzarlar vardır. Kilsənin altarı 50 sm hündürlüyündədir. Ərazinin relyef xüsusiyyətlərinə görə, kilsənin döşəməsi yer səviyyəsindən 1.5 metr aşağıda qalıb.

Müqəddəs Stefan kilsəsinin girişinin hər iki tərəfinə böyük xaçdaşlar hörülüb. Ümumiyyətlə, kilsənin bütün divarları xaçdaşlarla hörülmüşdür. Üzəri xaçdaşlarla örtülü, çox hissəsi kobud yonulu daşlarla tikilmiş kilsənin divarlarında bərabər tərəfli alban xaçlarının olduğu çoxlu xaçdaş vardır. Xaçdaşların bir çoxu kitabələrlə bəzədilmişdi.

Qədim kilsənin həyətində üstünü mamır basmış xeyli zəngin bədii ornamentli qədim məzar daşları olmuşdur. Daşların üstü atlı, ovçu, musiqiçi motivləri ilə zəngindir. Kilsə ətrafndakı onlarla qədim məzar daşları üzərində Azərbaycan xalqına xas milli ornamentlərlə bəzədilmiş çoxlu bədii səhnələr vardır. Qədim bütpərəst məbədinin yerində inşa edilmiş bu alban kilsəsini yerli azərbaycanlılar ocaq, pir kimi ziyarət edərdilər. Kilsənin divarlarında 51 xaçdaş olmuşdur. Zəngin ornamentli bu xaçdaşlar xronoloji baxımdan bərabərtərəfli qədim alban xaçlarından XIII  əsrə aid klassik kompozisiyalara qədər müxtəlif dövrləri əhatə edirdi. Kilsənin ətrafındakı təpəlik ərazidə işğal dövründən öncə üzərində döyüşçü, ovçu, musiqiçi təsvirlərinin olduğu zəngin süjetli yüzlərlə qədim başdaşları olmuşdur.

Hazırda abidənin çox hissəsi torpağın altında qalıb, sol divarının daşlarının isə xeyli hissəsi sökülüb.