Müqəddəs İohann monastırı (X əsr), Böyük Tağlar kəndi
Müqəddəs İohann monastırı Xocavənd rayonunun Böyük Tağlar kəndində yerləşir. Bu tarixi-memarlıq abidəsi Böyük Tağlar kəndindən 10 km şimalda, meşələrlə örtülü dağlıq ərazidə inşa edilmişdir. Cənub tərəfdən kompleks sıldırım qayalarla əhatə olunub. Şərq tərəfdən abidə ərazisi sərt qayalarla çevrələnsə də şimala doğru qayalıq ərazi düzənliklə əvəzlənir. Monastırın şimal və qərb tərəfləri müdafiəsiz qaldığına görə həmin istiqamətlərdən monastırı qoruyan qala divarları tikilmişdir. Monastırın dəqiq inşa tarixi bilinməsə də, qədim xarabalıqlardan aşkarlanmış xaçdaşlar üzərindəki kitabələr monastırın ən geci X əsrdən
fəaliyyət göstərdiyini söyləməyə əsas verir. Kitabələrdən birində abidənin 997-ci ilə aid olması Amaras yepiskopu tərəfindən inşa edildiyi məlum olur. X əsrdən fəaliyyət göstərən monastıra Kirakos adlı rahib rəhbərlik edib. Digər kitabə isə XIII əsrin 1228-ci ilinə aid edilir.
Kompleks iki hissəyə bölünmüşdür. Bir qrup tikili sıldırım qayanın küncündə, digər qrup isə həyətin şimalında yerləşir. Birinci qrupa üç dini tikili, ikinci qrupa isə ikiqat divarlarla əhatə olunmuş kilsə daxildir. Bütün tikililər arasında uzunvari plana malik, narteksli kilsə binası xüsusi diqqət çəkir.
Kilsə tamamilə dağıldığına görə, onun sahəsini dəqiq müəyyən etmək mümkün olmamışdır. Xarabalıqlar arasında kilsə divarlarından düşmüş bədii ornamentli xaçdaşlar və arxaik dizayna malik kapitel tikilinin qədimliyi haqda müəyyən təsəvvür yaradır. Xarabalıqlarda kilsə divarlarının, apsida və portalın aşağı hörgü qatları qalmışdır. Kilsə binası 1.5 metr qalınlığa malik hündür ikiqat müdafiə divarları ilə əhatə olunmuşdur. Kilsənin özü isə tərəfləri 6.5x3 metr olan düzbucaqlı formadadır. Tikili yüksəklik ərazidə tikildiyindən qala divarlarının qapısından kilsəyə aparan bazalt lövhələrdən hörülmüş pilləkən inşa olunmuşdur.
Kilsədən cənub-qərb tərəfdə düz ərazidə kvadrat formalı plana malik (ölçüləri 9x9 metr) tikilinin xarabalıqları vardır. Tikilinin divar hörgüsündə yaxşı yonulmuş, iri ölçülü daş bloklardan istifadə edilmiş, eyni zamanda karnizlər və digər dekorativ elementlərin qalıqları dövrümüzə çatmışdır.