Müqəddəs Georgi monastırı (XIII əsr), Xanabad kəndi
Xocalı rayonu Xanabad kəndi ərazisində yerləşən Müqəddəs Georgi monastırı tarixi-memarlıq abidəsi kimi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə olaraq qeydiyyata alınmışdır. XIX əsr müəllifi Xanabad kəndinin ərazisinin Gəncəsər monastırına məxsus torpaqlar olduğu barədə məlumat verir. Müəllif Xanabad kəndində zəngin ornamentli, xaçlarla bəzədilmiş qədim qəbir yerləri olduğunu yazır. Mənbələrdə monastırın inşaat kitabəsinın 1263 -cü ilə aid olduğu qeyd edilir. Lakin kilsə divarlarındakı kitabələrdən sonrakı yüzilliklərdə burada dəfələrlə yenidənqurma və inşaat işləri aparıldığı məlum olur. Kilsə ərazisində 10-dan çox kitabə aşkar edilmişdir. Bu kitabələrin mətnindən monastır ərazisində XVI-XVII əsrlər boyu yenidənqurma işləri aparıldığı məlum olur. Monastırın baş kilsəsi üçnefli bazilika formasına malikdir. Kilsənin şərq tərəfində üç mərtəbəli köməkçi otaqlar, qərb fasadında isə dağılmış tikilinin – narteksin qalıqları vardır. Tikilinin ərazisindəki sovmələrdən birində məzar daşı vardı.
Monastırın 8x11.9 metr ölçülərə malik ibadət zalı sadə interyerə malikdir. Altar karnizi naxışlarla bəzədilmiş nal formasındadır. Sütunlar, divarönü pilonlar, tağlar, apsida çərçivələri, nişlər və pəncərə-qapı yerləri yaxşı yonulmuş daşlardan tikilmişdir. Digər hissələrin hörgüsündə kobud yonulmuş daşlardan istifadə olunmuşdur. İbadət zalının döşəməsinə daş döşənmişdir.
Monastır həyətində həm də rahib hücrələri və digər mülki tikililər yerləşir. Kompleks möhkəm qala divarları və divarların dörd küncündə yerləşən dairəvi qüllələrlə əhatə olunmuşdur.
