Mavas monastırı (XIII əsr), Gavahın kəndi
Mavas monastırı Xocavənd rayonunun Gavahın kəndi yaxınlığında yerləşir. Bu tarixi-memarlıq abidəsi XIII əsrə aid edilir. Monastırın həyətində aşkarlanmış kitabəyə əsasən onun XIII əsrdə inşa edilyi müəyyən olunub.
Əlçatmaz qayalıq ərazidə inşa edilmiş Mavas monastırı həm də müdafiə divarları ilə möhkəmləndirilmişdir. Buna görə də monastır yüzillər boyunca həm də yerli əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə müdafiə qalası kimi istifadə edilmişdir. Vaxtilə bir qayadan digərinə uzanaraq bütün kompleksi əhatə edən qala divarlarının dövrümüzə yalnız xarabalıqları çatmışdır.
Mavas monastırından dövrümüzə üçnefli bazilika, ona birləşən narteksin xarabalıqları və müxtəlif mülki tikililərin qalıqları çatmışdır. Tağtavan iki pilon və divarlar boyunca düzülmüş yarımpilonların üzərində durur. Düzbucaqlı ibadət zalı 4,8x8,1 metr ölçüyə malikdir. Narteksin xarabalıqlarından onun kvadrat formaya malik olması aydın olur. Kilsənin ibadət zalı gözəl tağlar, pilonlar, apsidalar, içəri doğru genişlənən pəncərə yerləri ilə bəzədilmiş maraqlı memarlıq abidəsidir. Kilsə binasında və altar yüksəkliyi altındakı dörd məzar üzərində yüksək bədii tərtibata malik iki xaçdaş və naxışlı sinədaşları mövcud olmuşdur.