Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.05.2015 / Alban abidələri

Kiçan monastırı (XII əsr), Ballıqaya kəndi

Kiçan monastırı Ağdam rayonunun Sırxavənd kənd inzibati ərazisinə daxil olan Ballıqaya kəndində yerləşir. 1992-ci ilədək Ağdərə rayonunun tərkibində olmuşdur. Ağdərə rayonunun ləğvindən sonra Ağdam rayonuna aid edilən Kiçan kəndi 29 dekabr 1992-ci ildən Ballıqaya adlandırılmışdır.

Kəndin ərazisindəki bu tarixi monastır kompleksi XII əsrə aid edilir. Monastır ərazisində aşkarlanmış ən qədim kitabə 1191-ci ilə aiddir. Kitabə kilsə ərazisindəki xaçdaşların birinin üzərindədir. Bütövlükdə Kiçan monastırından 10 kitabə aşkar edilmişdir. Abidə üzərindəki kitabələrin birində monastırın XVIII əsrin ortalarında bərpa edildiyi məlum olur.

Kiçan monastırı inşa texnikası, nalvari apsidaları kimi bir sıra digər xüsusiyyətlərinə görə V-VII əsrlər Qafqaz Albaniyası kilsələrinin xüsusiyyətlərini daşıyır. Kiçan monastır kompleksinin memarlıq xüsusiyyətlərini tədqiq etmiş memarlıq doktoru, professor Gülçöhrə Məmmədova qeyd edir ki, cənub və şimaldan əsas kilsə binasına yan otaqlar əlavə edilmiş tağtavanlı zal kilsələri sırf Qafqaz Albaniyası memarlığı üçün xarakterik olub, qonşu xalqların memarlığında analoqa malik deyildir. Kiçan monastırının baş kilsəsini digər alban kilsələrindən fərqləndirən əsas cəhət odur ki, abidənin yan otaqlarının əsas kilsə həcminə birləşdirilməsi sayəsində kilsə binası xaçvari forma almışdır. Kompozisiyanın mürəkkəbləşdirilməsi, yeni otaqların əlavə edilməsi və memarlıq elementlərinin artırılması IX-XI əsrlər xristian memarlığının ümumi inkişaf prinsiplərinə uyğundur. Belə ki, Ərəb xilafətinin zəifləməsilə IX əsrdən etibarən dağılmış və zədələnmiş erkən orta əsr kilsələrinin bərpası və genişləndirilməsi prosesi vüsət almışdır. Bu məqsədlə kiçik zal kilsələrinin həcminin böyüdülməsi üçün onlara tikilinin eni boyunca düzbucaqlı formalı yan otaqlar əlavə edilməyə başlanmışdır.

Kiçan monastır kompleksi Qax rayonunun Güllük və Zaqatala rayonunun Mamrux kəndləri yaxınlığında Armatay dağının zirvəsində inşa olunmuş qədim alban kilsəsi Mamrux kilsəsi memarlığını xatırladır. Mamrux kilsəsinin memarı da Kiçan monastırının başkilsəsinin memarı kimi yan otaqlar və yan keçidlərin portalları arasında iki kiçik otaq inşa etməklə kilsə üçün ayrılmış ərazinin daha səmərəli istifadəsinə nail olmuşdur. Qafqaz Albaniyasında bu memarlıq formasının yaranması və inkişafı, erkən orta əsrlər dövründən birnefli zal kilsələrinin bütün ölkə ərazisində geniş yayılması, sonradan ölkədə xristianlığın tələblərinin dəyişməsinə uyğun olaraq kilsələrin də yeni dini tələblərə uyğunlaşdırılması ilə əlaqədardır.

Kiçan monastır kompleksinə iki kilsə, böyük yemək zalı, narteks, rahib hücrələri və böyük qəbiristanlıq daxildir. Kiçan monastır kompleksinin ən əhəmiyyətli tikilisi olan başkilsə tağtavanlı örtük və nalvari formalı apsidaya malikdir. Monastır kompleksində şimal-şərq tərəfdən kilsəyə birləşən iki uzadılmış yan otaqlar da oxşar formalı apsida ilə təmin olunmuşdur. Yan otaqlar kiçik qapı vasitəsiylə narteksin şərq hissəsi ilə əlaqələndirilmişdir. Narteksin bu hissəsi böyük tağlı divar vasitəsilə digər hissədən ayrılmışdır. Qərb tərəfdən kilsə binasına bitişik narteks inşa edilmişdir.

Narteks və kilsə arasındakı boşluğu memar daha iki kiçik otağın yaradılması üçün istifadə etmişdir. Kilsə binasının divarları kobud işlənmiş yerli daşlardan hörülmüş və daxildən əhəng məhlulu ilə suvanmışdır. Kilsənin içəri divarlarında yeddi niş vardır. Kilsənin maraqlı memarlq xüsusiyyətlərindən biri də, altarın tağa keçid hissəsinin yarımqalxanvari formada olmasıdır. Monastır kompleksinə daxil olan ikinci kilsə binası kompleksin cənub tərəfində yerləşir. Tağtavanlı zal kilsəsi quruluşuna malik olan bu abidə üzərindəki kitabədən onun XVIII əsrin ortalarında bərpa edildiyi məlum olur. Kilsənin şimal divarına kiçik əlavə  otaq inşa edilmişdir. Yaxşı yonulmuş daş bloklardan hörülmüş dayaq tağları istisna olmaqla, kilsənin bütün divarlarının inşasında kobud çaydaşlarından istifadə edilmişdir. Kilsə girişində timpan yerinə XII-XIII əsrlər üçün xarakterik dekora malik xaçdaşından istifadə edilmişdir. Kompleksin cənub küncündə 7.6 x 4.9 metr ölçüyə malik yemək zalı yerləşir. Zal tağtavana və divarlarında çoxlu nişlərə malikdir. Yemək zalının yanında sıra ilə rahib hücrələri düzülmüşdür. Monastırın yerləşdiyi təpəni qərb ətəyində orta əsrlərə aid böyük xristian qəbirstanlığı vardır.